15 Noyabr 2022 12:42
5 545
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türk ədəbiyyatı kitabxanasına nadir bir kitab hədiyyə olunub. Yakutiya Yazıçılar Birliyi yakut xalqının klassik şairi Anempodist Sofronov - Alampanın “ Sevgi nəğməsi” şerini dünyanın 33 dilinə tərcümə edib.

Teleqraf.com xəbər verir ki, kitabın ideya müəllifi olan Saxa-Yakutiya Respublikasının xalq şairi Natalya Xarlampyevadır.

Onun sözlərinə görə, bu yaxınlarda Anempodist İvanoviç Sofronov-Alampanın 135 illik yubileyi qeyd olunub: "Bu münasibətlə Saxa Yazıçılar Birliyi olaraq xalqımızla dost ölkələrin şairlərindən Anempodist Alampanın “Sevgi nəğməsi” şerini tərcümə etməyi xahiş etdik. Nəticədə şairin çox sevdiyi xanımına həsr etdiyi şer türk, Azərbaycan, ingilis, fransız, qazax, qırğız, Krım-tatarı, tatar, ərəb, başqırd, bolqar, avar, buryat, macar, italyan, kabardin, kalmık və hətta azsaylı xalqlardan olan şimallı even və yikagir dillərinə tərcümə olundu.

“Sevgi nəğməsi” adlı kitabda eyniadlı şer 33 xalqın dilində nəşr edilib.

Azərbaycan dilinə şeri isə türk dilli xalqların əsərlərinin tərcüməçisi Aida Eyvazlı Göytürk çevirib. Tirajı 500 nüsxədən ibarət olan bu kitab türkdilli xalqların kitabxanalarına biblioqrafik vəsait kimi hədiyyə olunacaq.

Türk dünyasının klassik şairinin bu nadir kitabının tərtibatçısı “Çolobon” jurnalının baş redaktoru Qavril Androsovdur.

Şeirin azərbaycanca tərcüməsini təqdim edirik:

Anempodist Sofronov-Alampa

Sevgi nəğməsi

Necə izhar edim eşqimi sənə,
İzin ver bir həzin nəğmə oxuyum.
Sənin o şahanə gözəlliyinə
Həzin nəğmə ilə çələng toxuyum.

Gözlərinə qonub bir röya kimi
Yuxuna şirinlik gətirəcəyəm.
Qarışıq , dolaşıq fikirlərini,
Silib ürəyindən, itirəcəyəm.

Yox! Yox!
Gözəl duyğuların qorxmasın ancaq,
Mən özüm haqqında asta-astaca
Mahnımı çox həzin oxuyacağam.

O elə nəğmədir,
Qəm gətirməyir.
O elə nəğmədir nəqarəti xoş
Sevinc bəxş eləyir...
Mən səni qəfildən
Qışqırıq ilə yuxudan oyatmayacam!

Yox! Yox!
Mən özüm haqqında asta-astaca
Mahnımı çox həzin oxuyacağam.
Könlünə dolacaq həzin avazım...
Təki icazə ver , təki oxuyum!

Bilirsən nələr var o nəğmələrdə:
Sənin o yuxulu, gözəl üzünü,
İpək saçlarını, hörüklərini,
Qara qaşlarının altından baxan,
Qara gözlərini, od baxışını,
Bahar çiçəyi tək təravət saçan
Üzünə yaraşan al yanağını,
Badam ləblərini,
Təbəssümlə dolu dodağın altdan
Mirvariyə bənzər ağ dişlərini,
İzn ver nəğməmlə vəsf eləyim mən.

İzn ver bir həzin nəğmə oxuyum,
Sən nəfəs alanda nəfəsin olum,
O incə, o mərmər sinənə dolum.
Görüm necə vurur sinəndə ürək?
Mənim səsim şirin, avazım ürkək.
Asta oxuyacam sevgi nəğməsin.
Ancaq sən izn ver, bu mənim bəsim.

Nəğməmi dinləsən biləcəksən ki,
Al Günəş altında, bu Yer üzündə
Hər şeydən müqəddəs, hər şeydən əziz,
Tək səni bilmişəm ,səni sevmişəm.

Bütün qanım ilə, coşqun qəlbimlə,
Mən səni sevmişəm...
Sənin yolunda
İstəsən odlara atım özümü,

Yanıb külə dönüm, külüm qalmasın.
Qoy sənə yetişən ünüm qalmasın.
Külümü küləklər sovursun göyə.
Qarışım dənizin dalğalarına.

Batsın ürəyimə nizələr, oxlar.
Bir kor güllə gəlib batsın köksümə,
Əgər bircə dəfə könlünə dəysəm.
Sonuncu nəfəsim çıxan günədək,
Nə qədər çırpınır sinəmdə ürək,
Mən sənə qəm-kədər vermərəm, inan!

Əl götür bu soyuq inaddan aman,
Niyə istəmirsən nəğmə oxuyum?
Könlümü yandıran eşq atəşimlə,
Səninçün sevgidən nəğmə oxuyum.
Mən özüm haqqında asta-astaca
Sənin o şahanə gözəlliyinə
Həzin nəğmə ilə çələng toxuyum.

Natalya Xarlampyevanın ruscaya tərcüməsindən Azərbaycan dilinə Aida Eyvazlı Göytürk çevirib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər