16 Noyabr 2022 23:33
5 037
12 Punto 14 Punto 16 Punto 18 Punto

Nizami Kino Mərkəzində "Sözün repressiyası" adlı sənədli filmin təqdimatı baş tutub.

Teleqraf.com-un məlumatına görə, Mədəniyyət Nazirliyinin audiovizual və interaktiv şöbənin sektor müdiri Rüfət Əliyev giriş sözü ilə çıxışında bildirib ki, hazırda öz həqiqətlərimizi istədiyimiz kimi beynəlxalq ictimaiyyətə çatdıra bilirik.

Onun sözlərinə görə, 1937-ci ildə amansız Stalin repressiyalarının qurbanı olmuş ədib və aydınlarımıza həsr edilən filmin mövzusu kədərli və ağrılı olsa da, yaradıcı gözəl ifadə etməyi bacarıb.

Filmin rejissoru, əməkdar artist Rafiq Həşimov ekran əsərinin ərsəyə gəlməsində xidmətləri olan hər kəsə təşəkkür edib: "İlk növbədə Mədəniyyət Nazirliyinə sifarişçi kimi çıxış etdiyinə görə, eləcə də filmin çəkilişində iştirak edən çəkiliş qrupunun bütün üzvlərinə dərin minnətdarlığımı bildirirəm".

Azərbaycan Yazıçılar Birliyinin katibi, filmin ssenari müəllifi Səlim Babullaoğlu filmin tarixindən danışıb: "Bu il Prezident İlham Əliyevin sərəncamı ilə böyük ədiblərimiz Hüseyn Cavid və Əhməd Cavadın yubiley illəridir. Filmin təqdimatının bu günlərə təsadüf etməsi bizim bilmədiyimiz bir qanunauyğunluqdur. Azərbaycanın müstəqilliyi uğrunda çoxlu şəhidlər vermişik, o şəhidlərin ön sırasında XX əsrdə yaşayan və bu filmdə adları sadalanan ədib və yazıçılarımız, şairlərimiz olublar.

Film onların xatirəsini ehtiramla xatırlayır və onların bir neçəsinin tarixçəsini təqdim edir. Bu tarix bütün repressiyaya məruz qalmış böyük insanların ümumiləşmiş tarixçəsidir. Digər tərəfdən film repressiyanın dırnaqarası fəlsəfəsini də açır. Repressiya məsələsi şəxsi mənada da mənim üçün vacib bir mövzudur. Çünki ana tərəfdən babalarım 37-ci il repressiyasına məruz qalıblar, Qarabağdan sürgün olunublar. Sonra nə Qarabağa, nə də Bakıya buraxılıblar. Ona görə hesab edirəm ki, film yalnız ədib və aydınlarımıza deyil, repressiyaya məruz qalmış bütün insanlara ithaf olunub. Filmin ideyası çox sadə yaranıb. Yazıçı Anar müəllimin təklifi ilə, Azərbaycan Yazıçılar Birliyinin üçüncü mərtəbəsində repressiyaya məruz qalmış ədiblərimizə həsr olunmuş barelyef var. Barelyefdə ədiblərin arxası bizə, üzləri əbədiyyətə doğrudur. Biz qərara gəldik ki, həmin ədiblərin üzünü bizə tərəf çevirək və onların xatirəsini anaq və tarixini danışaq".

Qeyd edək ki, tədbirdə Yazıçılar Birliyinin sədri Anar Rzayev, xalq yazıçısı Çingiz Abdullayev, millət vəkili Qənirə Paşayeva və bir çox ictimai şəxslər və ziyalılar iştirak ediblər.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər