“Qarabağın işğaldan azad edilməsi qarabağlı ermənilərlə yanaşı, Ermənistana da çox böyük zərbədir. Bu zərbə siyasi, mənəvi, həm də iqtisadi baxımdan ölçülür”.
Teleqraf.com xəbər verir ki, bunu jurnalist Elçin Alıoğlu deyib.
Jurnalist müharibədən məğlub çıxan Ermənistanın iqtisadi itkilərinə diqqət çəkib:
“Hazırda Ermənistanın xarici dövlət borcu təqribən 8.1 milyard dollar, valyuta ehtiyatlarının toplam həcmi isə 0.95 milyard dollardır. Ölkənin xarici dövlət borcu ümumdaxili məhsulun (ÜDM) 60,32 faizinə çatıb. Bu ilin yanvar-sentyabr aylarında - İkinci Qarabağ Savaşının nəticələri nəzərə alınmadan - Ermənistan iqtisadiyyatında geriləmə 6.6 faiz olub. İqtisadiyyata sərmayə qoyuluşu cəmi 99 milyon dollar təşkil edib.
Milli valyuta - dram sürətlə qiymətdən düşür: hazırda 1 dollar 525 dramdır. Qarşıda isə nağd pul çatışmazlığı, hiperinflyasiya, vergi ödənişlərinin kəskin azalması, işsizlik və yoxsulluq səviyyəsinin artımı var. Ehtiyatda olan 500 milyon dollar isə savaş günlərində dramın çökməsinin qarşısını almaq üçün valyuta intervensiyalarına sərf olunub”.
Elçin Alıoğlu hesab edir ki, İkinci Qarabağ Savaşının nəticələri Ermənistan üçün fəlakətlidir:
“Belə ki, Ermənistanda 10 ən iri vergi ödəyicilər arasında “GeoMining Gold”, “İnternational Masis Tobacco”, “Alex Holding” var. Bu şirkətlərin üçü də Zod, Vejnəli və s. yataqların istismarı, Hadrut, Füzuli və Qubadlı rayonlarındakı tütün plantasiyaları, habelə Kəlbəcər rayonunun təbii ehtiyatlarının istismarı hesabına fəaliyyət göstərirdilər.
Ermənisanın elektroenerjiyə tələbatının 11.3 faizi Qarabağdakı 6 elektrostansiya hesabına ödənilirdi. Həmin stansiyaların üçü Kəlbəcərdə, biri Suqovuşanda, ikisi də Laçındadır. Yəni Ermənistan 5 hidroelektrostansiyadan aldığı elektroenerjini birdəfəlik itirib”.
Jurnalist qeyd edib ki, Ermənistanın taxıla olan ehtiyacının 25 faizi Qarabağ hesabına ödənilirdi:
“Artıq bu, mümkün deyil, çünki Hadrut, Füzuli, Kəlbəcər, Zəngilan və Qubadlı rayonlarındakı tarlalardan ermənilər məhrum oldular. Ən nəhayət, Ermənistan dünya şərab bazarına çıxardığı, 8 ölkədə satdığı “Kataro” şərab brendini də itirdi. “Kataro” şərabları Hadrutun Tuğ kəndində istehsal olunurdu. Həmin kənd isə erməni işğalından qurtulub.
Qarabağlı “tiqranoidlər” bu qışı yayın məhsulu hesabına başa vuracaqlar. Gələn ilin yayında isə onlar çox ciddi, ağır ərzaq qıtlığı ilə qarşılaşacaq və bütünlüklə yardımlardan asılı olacaqlar. Çünki onların əkin-biçin üçün yararlı torpaqlarının toplam sahəsi əvvəlki illərlə müqayisədə 87 faiz azalıb”.