“Paşinyan komandasına qarşı növbəti siyasi hücum istefa ilə nəticələnsə, Rusiya Ermənistanda, dolayısı ilə bölgədə daha da güclənəcək”.
Teleqraf.com xəbər verir ki, bunu ReAl Partiyası sədrinin müavini Natiq Cəfərli deyib.
Onun sözlərinə görə, Qərbin bəzi dairələrinin emosional, bütün variantları nəzərdən keçirməklə bağlı problem yaşamaları postsovet məkanına yönəlik siyasətdə səhvlər yaradır:
“2020-ci ildə Belarusla bağlı davranışları Lukaşenkonu tam olaraq Putinin qucağına atdı. Tixanovskaya kimi siyasətdən bixəbər birini dəstəkləməklə, yüz faizlik variant olmadan Lukaşenkonun üzərinə getməklə Belarusun müstəqilliyini zəiflətdi, Putini gücləndirdi. Bu, hətta Rusiyanın Ukraynaya təcavüzünü də sürətləndirdi. Halbuki Lukaşenko 2019-20-ci illərdə Qərbə doğru sürüşməyə hazır idi.
Rusiya seçkilərdə onun qarşısına öz rəqibini çıxardı. “QazpromBank”ın Belarus bölməsinin rəhbərini “demokratik alternativ” elan edib gizlicə dəstəklədi, Tixanovskayanın ərindən “müxalifət” düzəldib, sonra estafeti heç bir şansı olmayan bu xanıma ötürdü. Qərbin bəzi dairələri də öz “gündəliyinə” uyğun olaraq, gender məsələlərini önə çəkib ingilisdilli, Belarusun xüsusi xidmət orqanları ilə anlaşmış bu xanımı dəstəkləyərək Lukaşenkonu Moskvaya tərəf möhkəm itələdi.
Nəticəsini görürük. Halbuki o zaman bu siyasətin yanlış olduğunu söyləyirdik, sonradan bəzi görüşlərdə Qərb nümayəndələri səhv etdiklərini etiraf etdilər. Qərbin bəzi dairələri bu gün bənzər səhvi Ermənistanda təkrarlayırlar.
Həmin dairələr öz mövqeləri, beynəlxalq hüquqa zidd bəyanatları, addımları ilə İrəvanda revanşistlərin çörəyinə yağ sürtürlər. Həmin qüvvələr də birbaşa Kremlin kurasiyasındadır. Deməli, dolayısı ilə öz ayaqlarına güllə vururub Moskvanın əlinə oynayırlar, ideoloji olaraq qərbpərəst Paşinyan komandasını laxladırlar”.
Natiq Cəfərli qeyd edib ki, sülh prosesinə ciddi dəstək verib, ərazi bütövlüyü məsələsini sənədlər üzərində təsbit edilməsinə çalışmadıqca, revanşistlərin şansı artır:
“Bu gün İrəvanda böyük mitinq keçiriləcək. Sərkisyan-Köçəryan dəstəsi açıq hücuma keçərək Paşinyanın istefasının “bütün problemlərin həllində açar” olduğunu söyləyirlər və deyirlər ki, bu baş versə, qarşılıqlı ərazi bütövlüyünün tanınmasından, Paşinyanın bəyanatlarından imtina edib revanş üçün şans qazanacaqlar. Bu baş versə, Kreml Ermənistanda tam möhkəmlənəcək.
Bəs bunu Qərbin bəzi dairələri görmür, analiz edə bilmirlər?!
Paşinyan komandasına qarşı növbəti siyasi hücum istefa ilə nəticələnsə, Rusiya Ermənistanda, dolayısı ilə bölgədə daha da güclənəcək, bunun Azərbaycana da ciddi mənfi təsirləri olacaq. İndi tarixi fürsət yaranıb, bölgəmizi Kremlin caynağından qurtarmaq mümkündür. Amma bunun üçün sülh vacibdir, daim müharibə təhlükəsi, qeyri-sabitlik Moskvanın bölgədəki tarixi, siyasi, iqtisadi resurslarını nəzərə alsaq, ancaq Rusiyanı gücləndirir.
Hələ fürsət varkən Qərb daha proaktiv, beynəlxalq hüquqa uyğun davranmalı, qarşılıqlı ərazi bütövlüyünün tanınması bəyanatını tezliklə kağıza köçürüb, hər iki tərəfin imzalanmasına nail olmalıdır. Qərb bu fürsəti qaçırsa, Rusiyanı bölgədə gücləndirəcək. Zatən, Gürcüstan kimi strateji tərəfdaşını belə Kremlə uduzur, uduzmaq üzrədir”.