Rusiyanın Ermənistandakı səfiri Sergey Kopirkinin rəhbərlik etdiyi nümayəndə heyəti Sünikdə (Zəngəzur) olub.
Teleqraf.com xəbər verir ki, səfir bölgədə Sünik qubernatoru Robert Qukasyanla görüşüb.
Kopirkinin sözlərinə görə, görüş zamanı tərəflər əsasən bölgənin problemlərini müzakirə ediblər.
“Bu gün Ermənistanda və Sünik bölgəsində baş verənlər Rusiya üçün çox vacibdir”, - səfir bildirib.
Kopirkin qeyd edib ki, Rusiya rəhbərliyi Sünik vilayətinin problemlərinə böyük diqqət yetirir və bunların həllinə kömək etməyə hazırdır.
Yerli hakimiyyət orqanları ilə müzakirə edilən digər mühüm məsələ Rusiyanın Qafanda baş konsulluğun açılması olub.
İlk dəfə bu ilin mayında Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə 4-cü departamentinin direktor müavini Sergey Paltov Sünikdə konsulluğun açılacağını dilə gətirib.
Məsələyə münasibət bildirən səfir vurğulayıb ki, bu, yeni və çox vacib məqamdır: “Diplomatlarımız burada işləyirlər, açılışa hazırlaşırlar”.
Nümayəndə heyəti Rusiyanın regionda işləyən diplomatları, hərbçiləri və sərhədçiləri ilə də ünsiyyətdə olub.
“Rusiya hərbçilərinin və sərhədçilərinin mövcudluğu əvəzsiz rola malikdir. Xüsusən vəziyyətin kifayət qədər gərgin olduğu bir vaxtda Zəngəzur dəhlizi ilə bağlı çox danışılır, insanlar Qarabağdan sonra gələcəkdə nələrin baş verəcəyini anlamağa çalışırlar”, - Kopirkin əlavə edib.
Rusiyadan əvvəl İran Qafanda konsulluq açıb. Bölgədə konsulluq açmağa hazırlaşan digər ölkə Fransadır. Ekspertlər baş verənlərə gələcəkdə açılacaq dəhlizə nəzarət uğrunda mübarizə kimi qiymətləndirirlər.