“Çox qısa müddət ərzində Kanada Ermənistana iki müşahidəçi göndərəcək və onlar Avropa İttifaqının mülki müşahidə missiyasına qoşulacaqlar”.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.
“Kanada xarici işlər naziri bildirdi ki, ölkəsi Avropa İttifaqına daxil olmayan ilk ölkədir ki, Ermənistana müşahidəçi göndərmək arzusunu ifadə edir və qısa müddət ərzində bura 2 müşahidəçi göndərəcək. Ümid edirik ki, Kanada gələcəkdə bunu genişləndirəcək”, - Ovannisyan vurğulayıb.
Kanada xarici işlər naziri Melani Coli dünəndən Ermənistanda səfərdədir. Nazir səfərinin ilk günündə Kanadanın İrəvandakı səfirliyinin açılışında iştirak edib, Azərbaycanın ünvanına təxribatçı açıqlamalar verib. Artıq rəsmi Bakı Colinin qondarma ittihamlarına cavab verib.
Kanadanın baş diplomatı bu gün Ermənistan Azərbaycan sərhədində olub, erməni hərbçiləri ilə birlikdə Dərələyəzdən Azərbaycanın mövqelərini seyr edib.