Misir Ermənistanın Fələstin dövlətinin tanınması ilə bağlı bəyanatını alqışlayır.
Teleqraf.com xəbər verir ki, bu barədə Misir hökumətinin bəyanatında deyilir.
“Misir dost Ermənistan Respublikasının Fələstin məsələsinə verdiyi dəstəyi yüksək qiymətləndirir və bu səyləri davam etdirməyə çağırır. Bu, beynəlxalq ictimaiyyətin bütün tərəfləri tərəfindən yüksək qiymətləndirilir”, - rəsmi Qahirə qeyd edib.
İrəvanın Fələstin dövlətini tanımaq qərarı dünən ölkənin Xarici İşlər Nazirliyi tərəfindən açıqlanıb.
Fələstin, Türkiyə, Qətər, İordaniya, İraq, Səudiyyə Ərəbistanı, Küveyt, Oman, Livan, eləcə də HƏMAS Hərəkatı və Körfəz Ərəb Dövlətləri Əməkdaşlıq Şurası Ermənistana təşəkkürlərini bildiriblər.
İsrail baş verənlərə görə Ermənistana sərt reaksiya verib. İsrail XİN-ə çağırılan səfir Arman Akopyana şiddətli töhmət verilib.
İsrail hakimiyyəti bildirib ki, Ermənistanın Fələstin dövlətini tanıması HƏMAS və digər Fələstin qruplaşmalarının terrorçuları və qatillərinə verilən mükafatdır. Rəsmi Təl-Əviv xəbərdarlıq edib ki, bu, İsrail-Ermənistan münasibətləri üçün uzunmüddətli ciddi nəticələrə gətirib çıxaracaq.