22 İyun 16:13
4 284
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Avropa Birliyinə (AB) üzvlük üçün müraciət etmək istəyirsə, referendum keçirməlidir. Bu məsələ martda AB tərəfindən İrəvanın qarşısına qoyulub.

Teleqraf.com xəbər verir ki, bunu “Konstruktiv Ermənistan” Partiyasının sədri Andrias Qukasyan deyib.

Onun sözlərinə görə, Avropa Parlamenti artıq Ermənistanın üzvlük məsələsinə baxmağı Avropa Komissiyasına təklif edən qətnamə qəbul edib:

“Bu qərarın özəlliyi nədədir? Məsələ ondadır ki, AB-nin rəhbər orqanları Gürcüstan, Ukrayna və Moldova öz ərazi məsələlərini həll edənə qədər gözləməyin mənasız olduğu qənaətinə gəliblər. AB-nin yanaşmasında yeni olan budur. O vaxta qədər dondurulmuş münaqişələr sadalanan dövlətlərin AB-yə daxil olması üçün ciddi maneə idi. AB onların namizədliyini nəzərdən keçirmək qərarına gəlib, bu, Ermənistana da aiddir.

AB-nin müxtəlif qurumları Tiflis və İrəvanın bu yolu birlikdə getməsi fikrini bildirirlər. Bu, AB-nin Cənubi Qafqazda iki ölkə hesabına genişləndirilməsi, AB məkanının İranla sərhədə çatdırılması, Rusiya və Türkiyənin Ermənistan və Gürcüstana təsirini zəiflətmək üçün geosiyasi qərardır. Amma belə qərarlar referendumla həll olunur. Hakim komandanın referendum ideyası ilə bağlı mövqeyi aydınlaşana qədər Avropaya inteqrasiya ilə bağlı ancaq xoş arzu kimi danışmaq olar”.

Qukasyan hesab edir ki, AB-yə üzvlüklə bağlı Ermənistanda referendumun keçirilməsi çətindir:

“Düşünmürəm ki, Paşinyan və komandasının məsələni referenduma çıxaracaq qədər azadlığı var, ən yaxşı halda vaxtilə Serj Sərkisyanın etdiyi kimi, seçkidən bir fürsət kimi istifadə edəcəklər. Yadınızdadırsa, o zaman da bu baş tutmamışdı. Sərkisyana etimad referendumu keçirildi, amma bu, Raffi Ovannisyanın lehinə etiraz səsverməsinə çevrildi. İndi reytinqi aşağı düşmüş Paşinyan və komandasının belə bir cəhddə uğur qazanacağını düşünmürəm”.

Siyasətçi iddia edir ki, Paşinyanın məqsədi Avropaya inteqrasiya yox, Azərbaycan və Türkiyənin təklif etdiyi 3+3 formatına qatılmaqdır:

“Bu gün hakim komandada belə fikirlər müzakirə oluna bilər, amma mən avropayönlü siyasət görmürəm. Məqsədləri 3+3 formatına çatmaqdır. Mən hakim komandanı türkyönümlü qüvvə kimi qiymətləndirməyə meylliyəm. Bu gün belə bir fikir formalaşıb ki, guya ictimaiyyətin avropayönümlülük tələbi var. Bu, nə dərəcədə belədir? Ciddi araşdırma aparılmalıdır, amma hazırda hakim komandanın belə bir siyasəti həyata keçirməsinə imkan görmürəm”.

Qukasyan qeyd edib ki, İrəvanın qərbpərəst mesajlarına baxmayaraq, Ermənistan hələ də Rusiya asılılığında qalır:

“Ermənistan Rusiyanın təsir zonasında olduğu halda ABŞ və AB-nin Azərbaycana qarşı bütün vasitələrdən istifadə edəcəyini gözləyə bilmərik. Qərb Ermənistanın xeyrinə mövqe nümayiş etdirmir, çünki Ermənistan onun müttəfiqi deyil, Rusiyanın müttəfiqi olmaqda davam edir”.


Müəllif: Mənsur Rəğbətoğlu