Avropa Birliyi (AB) Ermənistan üçün Rusiyaya alternativ deyil, heç kim bizi orada gözləmir.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistanın keçmiş xarici işlər naziri Vardan Oskanyan deyib.
“Avropaya getmək məsələsi blefdir, xalqımızı aldadırlar. Avropa Birliyində bizi gözləyən yoxdur, bəlkə 20-30 ildən sonra olacaq, amma bu gün bu haqda danışanlar bunu görməyəcək. Şanslıyıq ki, Rusiya hələ də bu hakimiyyətə (Nikol Paşinyan) qarşı böyük səbir nümayiş etdirir”, - sabiq nazir bildirib.
Oskanyan hesab edir ki, Rusiyanın bu səbri tükənməz deyil, bir gün qisasını alacaq:
“Rusiya bizə deyir ki, siz Avrasiya İqtisadi Birliyindəsiniz və onun üstünlüklərindən az-çox faydalanırsınız, indi də Avropaya getmək istəyirsiniz, mən də Avrasiya İqtisadi Birliyinin aparıcı ölkəsiyəm və görürəm ki, burada Avropaya gedən, amma burada qalmaq istəyən Ermənistan var. Yəni Rusiya bildirir ki, 10-20 ildən sonra məqamı gələndə Avropa Birliyinə girəcək, bizi tərk edəcək və bizə xəyanət edəcək, amma bu 20 ildə də bizdən faydalanacaq.
Rusiya qisas ala bilər. Hələlik erməni xalqına bu pisliyi etmək istəmir, əks halda qazın qiyməti 4 dəfə arta, vergi qoya bilərlər. Rusiyaya açıq şəkildə bu şəkildə qarşı çıxmaq yaxşı nəticələr verə bilməz”.