Teleqraf.com şərqşünas alim, “Soros” Fondunun Azərbaycan ofisinin keçmiş rəhbəri Fərda Əsədovla müsahibəni təqdim edir.
-Fərda müəllim, ABŞ prezidenti Donald Tramp Trans-Sakit Okean Tərəfdaşlığından çıxmasına dair əmr imzalayıb. Sizcə, bu, hansı nəticələr yarada bilər?
-Fikrimcə, bunun üçün dərin iqtisadi araşdırmaya ehtiyac var. Heç şübhəsiz, iqtisadi baxımdan inkişaf edən və nüfuz qazanan ölkə Çindir. Çinlə Sakit okean ölkələrinin iqtisadi münasibətləri xeyli inkişaf edib. Mənim başa düşdüyüm qədər, Amerikanın bundan müəyyən ehtiyatlanmaları var, ABŞ-ın iqtisadi maraqları tələb edir ki, həmin coğrafiyada özünə layiq mövqe tutsun.
Belə çıxır ki, bu tərəfdaşlıq iqtisadi baxımdan ABŞ-ın prioritetləri üçün o qədər də uyğun olmadığından Tramp belə qərar qəbul edib. Bu dəqiqə Amerikanın həmin regiona bir aparıcı dövlət kimi daxil olub Çinlə birgə bu prosesi aparmaq imkanı gözə dəymir.
Bəlkə də səbəb budur. Amma sözsüz ki, buna tutarlı cavab tapmaq üçün həmin ölkələrin Çin və ABŞ-la iqtisadi ticarət balansını öyrənmək lazımdır.
-Tramp müsəlmanların ABŞ-a miqrasiyasını qadağan edən qərarı bu saatlarda verəcək. Bu addımı necə qiymətləndirirsiniz?
- Doğrusu, bu haqda ətraflı xəbərim yoxdur. Əlbəttə, bu, müsəlman dünyası üçün narahatlıq yaradan məsələ olacaq. Bəlkə də Tramp bu mövqeylə biznesmen düşüncəsini ortaya qoyur. Heç şübhəsiz, Tramp miqrasiya ilə bağlı bəzi təhlükələrin qarşısını almaq üçün əlavə təkliflər verə bilər. Ola bilsin, miqrasiyaya vəsait ayırmaqdan bu səbəblə imtina edir. Beləliklə sanki dövlət büdcəsinə qənaət etmək haqqında düşünür.
Mən burada konkret müsəlmanlara qarşı hiddətin, yaxud mədəniyyət, sivilizasiya fərqi ilə bağlı nifrətin olmasına şübhə ilə yanaşıram. Çünki Tramp kimi bir şəxsiyyət şübhəsiz ki, belə məsələlərə daha az diqqət verərdi. O, daha çox konkret iqtisadi maraq, reallıq və mənafe məsələlərini düşünür. Bununla uzaqgörənlik nümayiş etdirir, yoxsa qısa müddətlli qərardır, fikrimcə, bunu gələcək göstərəcək.
-“The İndependent” qəzetinin yazdığına görə, Mərkəzi Kəşfiyyat İdarəsinin keçmiş direktoru Con Brennan deyib ki, Donald Tramp kəşfiyyatçıların qarşısındakı çıxışda etdiyi “biabırçı” və “yekəxana” şərhlərə görə utanmalıdır…
-Sözün doğrusu, mənim bu çıxışdan məlumatım yoxdur, odur ki, suala geniş cavab verməyim doğru olmazdı. Ancaq ümumilikdə deyə bilərəm ki, üzdə olan və artıq oturuşmuş dövlət sistemində mütəxəssis iyerarxiyasında yaranan vəziyyət və Trampin buna münasibəti məsələsi var.
Yəqin müşahidə edirsiniz ki, dövlət idarəetmə sistemi və onların ekspert icması Trampın gəlişini çox ehtiyatla qəbul etdi. Yəqin ki, bu münasibətlər hələ gərginlik dövrünü yaşayır. Mən düşündüyüm qədər burada iki variant ola bilər. Ya doğurdan da Tramp bu oturuşmuş dövlət sistemi, oturuşmuş siyasi elita ilə qarşıdurmanı davam etdirəcək. Ya da sabit münasibət formalaşacaq, siyasət öz axarı ilə davam edəcək. Əgər bu qarşıdurma davam edəcəksə, şübhəsiz, böyük sarsıntılara və narahatçılıqlara səbəb olacaq. Bu, birmənalıdır.
Lakin yaxşı tərəf ondan ibarətdir ki, bu ənənələrdə müəyyən mühafizəkarlıq müşahidə edilir və onu vaxtaşırı dəyişib yeniləşdirməyə ehtiyac olur. Trampın oturuşmuş sistemlə kəskin qarşıdurması müəyyən faydalı nəticələrə çıxara biləcək. Bu, artıq dialektika qanunudur.
-Demokrat senator Edvard Marki və respublikaçı konqresmen Ted Lyu ABŞ Konqresinə prezidentin müharibə elan etmədən nüvə zərbəsi endirmək səlahiyyətini qadağan edən qanun layihəsi təqdim edib. Bu, ABŞ cəmiyyətinin Trampın müəyyən addımlarından narahat olduğunun göstəricisi deyilmi?
-Əlbəttə. Gördüyünüz kimi Tramp emosional, impulsiv, bəlkə də tələsik şəraitdə qərar verən insan təsiri bağışlayır. Ancaq bu, doğurdanmı elədir, ya yox, bilmirik. Hər halda bu mesajlarla Trampa çatdırılır ki, qəflətən, düşünmədən qərar vermək imkanları məhdudlaşdırılacaq. O cümlədən özlərini sağlam düşüncəli ekspert və dövlət ənənələrinin qoruyucuları sayan icmalar tərəfindən... Yəqin ki, bu, yuxarıda qeyd etdiyim qarşıdurmanın və gərginlik dövrü yaşayan münasibətlərin başqa bir təzahürüdür.
-Özünüz də deyirsiniz ki, Donald Tramp impulsiv insan təsiri bağışlayır. Siz onun 4 il müddətinə prezident kreslosunda əyləşəcəyini güman edirsiniz, yoxsa impinçment gündəmə gələ bilər?
- Bəllidir ki, impincment mesajları inaquruasiyadan əvvəl də meydana çıxmışdı. Qeyd etmək istərdim ki, bu məsələlərin gündəmə gətirilməsi də yenə həmin xəbərdarlıqdır ki, əgər daxili və xarici siyasətdə daha geniş dairələrin maraqlarını təmin edəcək siyasi kurs öz axarına düşməsə, konstitusiyada və təcrübədə impinçment kimi yollar mövcuddur. Bunların hamısı münasibətlərin formalaşması, tərəflərin özünə yer axtarması prosesinin işartısıdır.
ABŞ-da impinçment mümkün şeydir, belə bir institut var. Bu imkandan istifadə şansı hər zaman mümkündür. Sadəcə, hər şey ondan asılıdır ki, konkret qərarların qəbulu hansı münasibət nəticəsində olacaq, necə olacaq, bütün tərəflər və maraqlar nəzərə alınacaqmı və s.
Doğrusu, mənim qənaətim belədir ki, Amerika siyasi həyatında çox çətin proseslər zaman-zaman ortaya çıxıb. Fikirlərin ifadə tərzi, mövqlər arasında tarazlıq yaratmaq üçün səylərin göstərilməsi... Bunlar ilk baxışda qeyri-effektiv siyasi proses kimi görsənə bilir. Lakin sonda bu, müəyyən dayanıqlığın ifadəsi rolunu oynayır. Ümid edirəm ki, bu dəfə də belə olacaq.
-Trampın müsəlmanlara hazırkı münasibəti ABŞ-ın islam ölkələri, o cümlədən Suriya siyasətinin hansı istiqamətdə inkişaf edəcəyini göstərir?
-Tramp seçki zamanı çıxışlarında deyirdi ki, bizim xüsusi marağımız yoxdur, ancaq ölkə maraqlarımız var və başqa ölkələrin də maraqlarını qəbul etməyə hazırıq. Bu o deməkdir ki, Tramp siyasi münasibətləri konkret ölkələr arasında münasibətlər kimi formalaşdırmaq haqqında düşünür.
- Sizcə, Trampın prezidentliyi dövründə dünyada çalxalanma baş verəcək, yoxsa sabitlik və sakitlik ortaya çıxacaq?
-Əgər müəyyən yenilənməyə və dəyişməyə ehtiyac varsa, bu, proses olaraq narahatlığa da səbəb ola bilər. Amerikada Tramp ona görə hakimiyyətə gəldi ki, mühafizəkar siyasi prosesə insanların etirazı var. Bəzi düşüncələrə görə, Tramp gözlənilmədən qələbə qazana bildi. Əslində Obamanın da yenilik gətirəcəyi iddiaları vardı. Amma düşüncə tərzinə görə humanist adam olduğu üçün Obama qəti, konkret və cəsarətli addım atmağa hazır deyildi.
Obama sadəcə Harvard professoru idi. Tramp isə risk edən, bəzən çox düşünmədən riskə gedərək qələbə qazanmaq, nəsə əldə etmək mədəniyyətində böyüyən biznesmendir. Bu səbəbdən də Tramp ənənəvi siyasət tərəfdarlarını narahat edir.
Digər tərəfdən, məsələləri kəskin formada irəli sürməyəndə yenilik gətirmək şansı azalır. Çünki mühafizəkarların müqaviməti çox güclü olur. Mən düşünürəm ki, bu proses dinamik şəklində inkişaf edəcək. ABŞ siyasətinin dayanıqlı olması o demək deyil ki, dəyişiklik gərək deyil. Əksinə, ehtiyac yarandıqda dəyişiklik bacarığına sahib olmaq deməkdir.
-ABŞ-ın Rusiyaya qarşı sanksiyalar davam edir. Sizcə, münasibətlərdə yaxınlaşma ehtimalları varmı?
-Ehtimallar var. Amma bu münasibətlərin yaxınlaşması heç də o demək deyil ki, Tramp Amerikanı arxasınca Rusiyaya doğru çəkəcək. Bu həm də ondan asılı olacaq ki, ruslar vəziyyətin dəyişməsi, Amerikada yeni iqtidarın formalaşmasını nəzərə alaraq hansı addımları atacaqlar...Bunlardan çox şey asılıdır.
-Sizcə, ABŞ cəmiyyəti Trampı nəzarətdə saxlaya biləcəkmi?
- Mən düşünürəm ki, hər zaman olduğu kimi Amerika cəmiyyəti və siyasi mühiti hansısa gözlənilməz addımlara hazırdır və ona dayanıqlıq gətirən mədəniyyətə və resurslara malikdir. Bildiyiniz kimi ABŞ-da demokratik institutlar, güclü vətəndaş cəmiyyəti, düşüncə mərkəzləri mövcuddur. Onlar heç də konkret partiyalara bağlı olmurlar. Onların fikri, sözü, rəyi çox şey deməkdir. Amerika cəmiyyəti elə formalaşıb ki, bir çox məsələlər düşüncə mərkəzlərində, universitetlərdə nəzərdən keçirilir, sonra proseslər start götürür, davam edir və ya dayandırılır.
-Yəni Tramp bütün hallarda cəmiyyəti və ictimaiyyəti nəzərə alacaq?
-Əks halda o, Amerika prezidenti olmaz.
Nemət Hüseynli