Bakıda cərimə olunan piyadaların cərimə məbləğini ödəməsi üçün sahə rəislərinə, təhsil müəssisələrinə müraciətlər edilib.
Bu barədə "Report"a Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (BPİ DYPİ) bölmə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.
Piyadaların hüquq və vəzifələrinin "Yol hərəkəti haqqında" qanunun 40-cı maddəsi ilə tənzimləndiyini xatırladan Vaqif Əsədov bildirib ki, bu maddənin tələbləri pozulduqda piyadalar qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb olunurlar: "Yolun təyin olunmayan yerindən keçən piyadaların əksəriyyəti 21-30 yaş arasında olan şəxslərdir ki, onların da çoxu əmək fəaliyyəti məşğul olanlar və tələbələridir.
Cərimə edilən piyadaların təxminən 50 faizi cərimə məbləğini ödəməkdən boyun qaçırırlar. Buna görə də həmin şəxslərin yaşadıqları ərazilərdəki sahə rəislərinə, tələbələrin oxuduqları təhsil müəssisələrinə, əmək fəaliyyəti ilə məşğul olan şəxslərin işlədikləri müəsissə və idarələrə müraciət edilib. Cərimələr işləyənlərin əmək haqqlarından tutulacaq. Piyadalardan bir daha xahiş olunur ki, piyada keçidindən istifadə etsinlər".