Ermənistanda onsuz da gərgin olan ictimai-siyasi və sosial-iqtisadi vəziyyət aprelin 2-də keçiriləcək parlament seçkiləri ərəfəsində daha da gərginləşib. Seçkilərə bir ildən az müddət qaldığı dövrdə Ermənistan cəmiyyətində kifayət qədər tanınmış şəxslərin, keçmiş nazirlərin və digər nüfuzlu şəxslərin müxalifətə keçməsi prosesi dramatikləşdirən amillər sırasındadır. Hazırda Serj Sərkisyanın kifayət qədər güclü rəqibləri var. Keçmiş xarici işlər nazirləri Raffi Ovannisyan, Vardan Oskanyan və keçmiş müdafiə naziri Seyran Ohanyan “Ohanyan-Raffi-Oskanyan” blokunda birləşiblər.
Keçmiş prezident Robert Köçəryan birbaşa siyasətlə məşğul olmasa da, əsas biznes tərəfdaşı, iri oliqarx, “Çiçəklənən Ermənistan” partiyasının qurucusu və 2015-ci ilədək sədri, Ermənistan Milli Olimpiya Komitəsinin sədri, Ermənistan Milli Məclisinin deputatı Qaqik Tsarukyanın vasitəsilə öz siyasi varlığını hiss etdirməyə çalışır. Q.Tsarukyanın qurucusu olduğu partiya (2015-ci ildən partiyanın sədri Naira Zöhrabyandır) 131 yerlik Ermənistan Milli Məclisində 29 deputat yerinə sahibdir. Təkcə bu fakt “Çiçəklənən Ermənistan”ın, onun timsalında N.Zöhrabyanın, Q.Tsarukyanın və R.Köçəryanın nə qədər güclü müxalifət olduğunu ortaya qoyur. Bu şəxslər də seçkidə vahid blokla iştirak edirlər. Blok “Tsarukyan” adlandırılıb.
Ölkənin ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi Erməni Milli Konqresi Partiyası “Erməni Milli Konqresi – Ermənistan Xalq Partiyası” bloku ilə seçkilərə qatılır.
S.Sərkiyana qarşı müxalifətə keçən şəxslərdən biri də ötən ilin sentyabrınadək baş nazir kürsüsünü tutan Ovik Abramyandır. Baş nazir postundan getməklə Azatın oğlunun (S.Sərkisyanın-S.Həmid) rəhbərlik etdiyi hakim Respublika Partiyasının sıralarını da tərk edən O.Abramyan “Çiçəklənən Ermənistan” Partiyasına yaxınlığı ilə seçilir.
Bu arada Rusiyada fəaliyyət göstərən “Taşir” şirkətlər qrupunun qurucusu və rəhbəri, mesenat Samvel Karapetyan Ermənistana səfər edib. “Jamanak” qəzeti xəbər verir ki, o, keçmiş baş nazir Ovik Abramyana görüş xahişi ilə müraciət ünvanlayıb. Qəzetin yazdığına görə, müraciət rədd edilməyib, S.Karapetyan bu gün və ya sabah nahar etmək üçün O.Abramyanın evinə dəvət ediləcək. Nahar zamanı mümkün gələcək əməkdaşlıq və daxili siyasi tərtibatla bağlı məsələlər müzakirə ediləcək.
“Qeyd edək ki, Samvel Karapetyan baş nazir Karen Karapetyanın mövqelərinin gücləndirilməsinə ifrat dərəcə köməklik edir. Onun hazırkı səfəri də məhz bu formatda keçir”, deyə qəzet yazır.
Onu da bildirək ki, 1965-ci ildə Ermənistan SSR-in Kalinino (hazırkı Taşir) rayonunda anadan olan S.Karapetyanın rəhbərlik etdiyi şirkətlər qrupuna Rusiya iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyət göstərən 200-dən çox kompaniya daxildir. K.Karapetyan “Taşir” Xeyriyyə Fondunun da prezidentidir. “Forbes” jurnalının 2016-cı ilin sentyabrına olan məlumatına əsasən S.Karapetyan dünyanın ən varlı şəxsləri sırasında 549-cu, Rusiyanın ən varlı biznesmenləri sırasında isə 28-ci yerdədir. Onun sərvətinin həcmi 3,8 milyard dollar dəyərində qiymətləndirilir.
S.Karapetyanın böyük qardaşı Karen Karapetyan Ermənistanın dövlət xadimi, 1995-ci ildən Ermənistan parlametinin deputatıdır. Parlamentdə bir sıra komissiyaların rəhbəri olub. 2007-ci ildə hakim Respublika Partiyasının deputat fraksiyasının başçısı seçilib. 2008-2011-ci illərdə Ermənistan Prezident Aparatının rəhbəri olub. 2012-ci ildə keçirilən parlament seçkisində yenidən parlamentin deputatı seçilib.
Səxavət