“Ölkə iqtisadiyyatında qeyri-neft sektorunun inkişaf etdirilməsi dövlət siyasətidir və bu istiqamətdə uğurlu nəticələr əldə olunur”.
Teleqraf.com-un məlumatına görə, bu fikri Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat bildirib ki, qazanılan uğurların əsasında regionların sosial-iqtisadi inkişafı dayanır. Onun sözlərinə görə, ötən dövr ərzində regionlarda icra olunan bir çox sosial layihələr bu gün regionlarda kənd təsərrüfatının və sənayenin inkişafına əlverişli şərait yaradıb:
“Bölgələrdə əlavə torpaq sahələrinin dövriyyəyə buraxılması, peşə məktəblərinin genişləndirilməsi və kadrların hazırlanması, yüngül sənayenin inkişaf etdirilməsi və pambığın son məhsulunu ixrac etməyi, yeni bazarlara çıxışın təmin olunması və başqa islahatların aparılması nəzərdə tutulub. Şübhəsiz ki, bütün bu işlərin icrası Azərbaycanın inkişafını sürətləndirəcək, vətəndaşlarımız daha yaxşı yaşayacaq, iqtisadiyyatımız dayanıqlı olacaq”.
Səxavət