Teleqraf.com xəbər verir ki, bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə iyulun 4-də Ermənistan silahlı qüvvələrinin Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinə qarşı təxribatına münasibət bildirərkən söyləyib.
Onun sözlərinə görə, mənfur Ermənistan silahlı birləşmələrinin dinc əhalimizə və mülki obyektlərimizə hücumları, insan haqlarının, 1949-cu il Cenevrə konvensiyalarının, eyni zamanda fundamental azadlıqlara dair Konvensiyanın ciddi və kobud şəkildə pozulmasıdır: “1992-ci ildə Xocalı soyqırımını törədən vəhşi ermənilər bu gün də körpə, günahsız Zəhraları qətlə yetirməklə öz şərəfsiz əməllərini davam etdirirlər. Azərbaycan Ordusu öz ərazi bütövlüyünün bərpası uğrunda ədalətli mübarizə apardığı, düşmən təxribatlarının qarşısını aldığı halda, bəşər cəmiyyəti üçün hər zaman təhlükə olan, insani xüsusiyyətlərdən uzaq olan vandal ermənilər isə yalnız dinc əhaliyə güllə atmaqla öz şərəfsiz və çirkin əməllərini bir daha ortaya qoyurlar. Bu cinayətkar əməlləri törədən ermənilər gec-tez ədalət məhkəməsi qarşısında cavab verəcəklər. Şübhəm yoxdur ki, onlara havadarlıq edən qüvvələrin və bəzi beynəlxalq təşkilatların ikili yanaşmasına baxmayaraq, bu əməllərin sahibləri cəzasız qalmayacaq”.
V.Rəhimzadə qeyd edib ki, düşmənin bu cür təxribat xarakterli əməlləri cəbhə bölgəsində yaşayan soydaşlarımızda qorxu və ya panika yaratmaq məqsədi daşıyır: “Ancaq azğın düşmən unudur ki, Azərbaycan xalqı və ordusu güclüdür, mübarizdir, heç nədən qorxmur. Xüsusilə cəbhə bölgəsində yaşayan soydaşlarımız daim azğın düşmənlə üz-üzə dayansalar da qorxmaz, mərd şəkildə öz həyatlarını davam etdirir, torpaqlarımızın düşmən tapdağından azad olunacağı günü səbirsizliklə gözləyirlər. Şübhəsiz ki, o gün uzaqda deyil”.
YAP Siyasi Şurasının üzvü bildirib ki, bəzi beynəlxalq təşkilatlar, xüsusilə münaqişənin həllində vasitəçilik missiyasını öz üzərinə götürən ATƏT-in Minsk qrupunun həmsədrləri bu məsələdə qətiyyətli mövqe ortaya qoymalı, işğalçı Ermənistana təzyiqlər göstərilməlidir: “Təəssüf ki, artıq 25 ildir biz bunun şahidi olmuruq. Zaman-zaman regiona səfər edən və protokol xətrinə bəyanatlar yayan həmsədrlər qəti şəkildə mövqe ortaya qoymurlar. Onlar işğalçı ilə işğala məruz qalana eyni münasibət sərgiləyirlər. Bu isə Azərbaycan ictimaiyyətində böyük təəssüf hissi doğurur və Minsk qrupunun fəaliyyətinə böyük şübhələr yaradır. Günahsız körpələrin qətlə yetirilməsi vandal Ermənistanın terrorçu mahiyyətini bir daha ortaya qoyur. Beynəlxalq təşkilatlar, xüsusilə də ATƏT-in Minsk qrupu bunu dilə gətirməli, ikili standartları bir kənara qoyub ədalətli mövqe nümayiş etdirməli, Ermənistanı işğal altında saxladığı Azərbaycan torpaqlarını azad etməyə, soyqırımı siyasətini dayandırmağa məcbur etməlidir”.