21 Avqust 2017 21:28
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məncə, Elxan Abdullayev bir az tələsdi. O, ən azı 5-ci tura kimi gözləyə bilərdi. Vaxtilə Kakxaber Tsxadadze də 5 məğlubiyyətdən sonra “İnter”dən istefa verdi, amma rəhbərlik bu istefanı qəbul etmədi və o, qalıb komandanı liderlər sırasına çıxardı. Elxan Abdullayevin istefasının tezbazar qəbul olunması göstərir ki, rəhbərlik də ondan narazı idi. Halbuki, vaxtilə onunla azarkeşlərin acığına 3 illik müqavilə imzalanmışdı.

Bu sözləri CBC Sport telekanalının idman şərhçisi Elnur Məmmədli Teleqraf.com-a danışarkən deyib.
O, əcnəbi məşqçinin gətiriləcəyinə inanmadığını, uyğun olan yerli məşqçilərin isə buna razılıq verməsinin çətin olacağını düşünür:

“Bir neçə yerli məşqçi var ki, “Neftçi”yə rəhbərlik edə bilər. Sadəcə, onlar buna razı olacaqlarmı? Çünki komandanı özləri qurmayıblar, futbolçuları özləri gətirməyiblər.

Əsas məsələ odur ki, yeni baş məşqçinin gənc və ya təcrübəli olmasından daha önəmlisi onun xarizmatik biri olmasıdır. Komandada yalnız onun sözü keçməlidir. Bəlkə onda yavaş-yavaş nəyəsə ümid etmək olar. İndiki məqamda “Neftçi”nin xərcə düşüb əcnəbi məşqçi gətirəcəyinə də inanmıram.

Xəzər TV-nin idman şərhçisi Ceyhun Rzayev isə komandaya bələd olmayan birinin bu vəzifəyə gətirilməsini mənasız hesab edir:

“İndiki vəziyyətdə "Neftçi"yə əcnəbi baş məşqçinin gətirilməsinin tərəfdarı deyiləm. Əcnəbi çalışdırıcı çempionata və komandaya bələd deyil, onun gəlişi vəziyyəti düzəltməz. Yerli məşqçilərdən bir neçə nəfərin təyinatını müzakirə etmək olar. Mənim namizədim Yunis Hüseynovla Tərlan Əhmədovdur. Hər ikisi bacarıqlı mütəxəssislərdir. Komandanı çətin vəziyyətdən çıxarmağa qadirdilər”.

Qol.az saytının baş redaktoru Aydın Bağırov idarəetmə sistemindəki qüsurlar aradan qalxmadıqca, çətin olacağını və Tərlan Əhmədovu bu vəzifəyə real namizəd saydığını deyib:

“Elxan Abdullayevin istefası gözlənilən idi. Uğursuz transferlər, son illər klub rəhbərliyinin bərbad idarəetməsi, klubun Müşahidə Şurasına futboldan kənar adamların - yazıçının (Çingiz Abdullayev), pianoçunun (Fərhad Bədəlbəyli) gətirilməsi Azərbaycanda böyük bir tarixi olan “Neftçi”ni böyrü üstdə qoydu. “Neftçi”yə elə bil nəhəng bir boksçunun güclü zərbəsi dəyib: Klub nokauta düşməsə də, 3-4 ildir ki, aldığı noqdaundun təsirindən özünə gələ bilməyib, gicəllənə-gicəllənə meydanda gəzişir.

Ən pisi də odur ki, sonradan komandaya ümidlə gətirilən Elxan Abdulllayev nəinki nəticələri düzəltmədi, əksinə özü ilə azarkeşlər və media arasında ciddi problemlər yaratdı. Bu məşqçi nəticələrdən daha çox azarkeşlərlə münaqişələri ilə yadda qaldı. O, hətta uğursuz çıxışlardan narahat olan “Neftçi”nin sadiq azarkeşlərini “xuliqan” adlandırmaqdan belə çəkinmədi. Əlbəttə, bu, böyük bir klubun məşqçisinə yaraşmayan ifadə idi. Ümumilikdə Elxan Abdullayevin və klubun rəhbərliyinin idarəetmə fəaliyyətinə “2” vermək olar.

Bundan sonra baş məşqçi kim olmalıdır? Birmənalı şəkildə yerli futbol mütəxəssisi. Konkret namizədim Tərlan Əhmədovdur. Bir vaxtlar “Neftçi”də məşqçi və baş məşqçi olub, sonra AZAL-da işləyərək, Premyer Liqa üçün normal təcrübə toplayıb. Bacarığı və xarakteri, məşqçiyə lazım olan dəmir intizamı var. Gətirsinlər. İnanıram ki, Tərlan Əhmədov komandanı az da olsa, düzəldə bilər.

Futbol jurnalisti Vüsal Mahmudov “Neftçi”nin standartlarına uyğun məşqçilərin az olmasından danışıb:
“Elxan bəyin istefa səbəbi bəllidir. Bu komandanın uğursuzluğuna görədir. Bu qərar çoxdan verilməli idi. Hətta onun təyinatı səhv idi. Çünki Elxan Abdullayev komandanın yükünü daşıyacaq adam deyildi. Onun yerinə kimin gələcəyi isə mücərrəddir. Hər kəs ola bilər. Amma mənə elə gəlir ki, həmin şəxs mütləq şəkildə yerli məşqçi olacaq. Çünki “Neftçi”nin əcnəbi məşqçi gətirməyə maddi gücü yoxdur. Amma bu gün “Neftçi”nin təcrübəli məşqçiyə ehtiyacı var. Yenə də Elxan Abdullayev kimi sıradan bir məşqçi gələcəksə, 2-3 aydan sonra onun da istefa xəbərini eşidəcəyik. Bu vəzifəyə məsələn, Şahin Diniyevi təklif edərdim. Tərlan Əhmədov baş məşqçi olsa, daha yaxşı olar. Yaxud “Neftçi”nin özündə də Kamal Quliyev kimi yaxşı məşqçi var. Bunlardan biri baş məşqçi ola bilər. Bu gün Şahin və Tərlanın namizədliyi daha realdır. Çünki onların bacarığına bələdik. Düzünü desəm ,”Neftçi”nin standartlarına uyğun olan namizəd azdır. Amma var”.

Tanınmış idman jurnalisti Elmar Abdullazadə “Neftçi”nin əsas probleminin baş məşqçidə olmadığını bildirib:
“Elxan Abdullayev ötən il sentyabrın 18-dən bəri bu vəzifəyə təyin olunub. Onun fevral-mart aylarında 5-6 oyunda uğurlu seriyası var. Ondan sonra ardarda silsilə məğlubiyyətlər gəlir. Belə deyək, Elxan özünü yaxşı mənada göstərməyib. Ümumiyyətlə o, uğurlu seçim deyildi. Amma onun yerinə bu dəqiqə ən çox uyğun olan və sosial şəbəkədə bu vəzifəyə namizəd kimi adı çəkilən şəxs Tərlan Əhmədovdur. Tərlan çox aşağı büdcə ilə, çox da üzdə olmayan zəif oyunçulardan özünə yaxşı bir heyət yığmışdı. Özünü sübut etmiş məşqçilərdəndir və vaxtilə “Neftçi”də işləyib. ”Neftçi”nin ən yaxşı dövrlərində Tərlanın da payı var. Həm də onun yerli futbol mətbəxindən xəbəri var. Digər namizəd kimi isə Yunis Hüseynovun adı hallanır. O isə “Karvan” və “Xəzər Lənkəran”da özünü göstərib.

Amma məncə, “Neftçi”nin əsas problemi baş məşqçi ilə yox, rəhbərliklədir. Klubun idarə olunması ilə bağlı müxtəlif söz-söhbətlər gəzir. Düzgün idarəetmə yoxdur. O ki, qaldı əcnəbi namizədlərə, “Neftçi”yə Azərbaycan futboluna az-çox bələd olan baş məşqçi lazımdır. Ən ideal əcnəbi seçim Kaxabe Sxadadze olar. 6 il “İnter”də işləyib. Hazırda “İnter”in maliyyə baxımından vəziyyəti pis olsa da, hər şey onun qurduğu sistem əsasında gedir. Nəticə də var. Hazırda o da işsizdir. Real namizəddir”.

İdman jurnalisti Elçin Cəlilov “Neftçi”nin üzərində müxtəlif qüvvələrin marağının olduğunu açıqlayıb:
“Mən konkret ad çəkməyəcəyəm. Komandanın indiki durumu o qədər qarışıqdır ki, bu komandaya “baş məşqçi” qismində gələn şəxs həm rəhbərliyin, həm azarkeşlərin, ən çox da komandanın istədiyi bir adam olmalıdır. “Neftçi”nin üzərində müxtəlif qüvvələrin marağı var. Həmin qüvvələr bir-birinə qarşı güc tətbiq edirlər. Bundan əvvəl Əsgər Abdullayev, Samir Əliyev kimi başqa yerdə uğurlu ola bilmiş məşqçilər “Neftçi”də uğur əldə edə bilməmişdilər. Bu da onu düşünməyə əsas verir ki, “Neftçi”də əsas problem məşqçi problemi deyil. Burda oyuna girən başqa əllər də var. Ona görə də elə bir adam seçilməlidir ki, onun adı hamıya təsir etməlidir, hətta rəhbərliyə də. O ad komandanı da ətrafında birləşdirməyi bacarmalıdır. Çünki “Neftçi”nin uğursuzluqlarında əsas problem oyunçulardadır. 3-4 nəfər bir klubun, 3-4-ü digərinin nəzarətindədir. Bir neçə oyunçu oynamasa, yaxud bilərəkdən pis oynasa, komandanın nəticələri yaxşı olmayacaq. Yeni məşqçi ilk növbədə bu problemi aradan qaldırmalı, bütün futbolçuları özünə tabe etməlidir. Onların əməyindən düzgün istifadə etməyi bacarmalıdır.

Böyük ehtimal ki, yeni baş məşqçi azərbaycanlı olacaq. Mən elə bir uyğun adam görmürəm. Varsa da, o məşqçi səhnəyə çıxmayıb, yəni özünü göstərməyib”.

Xatırladaq ki, “Neftçi”nin baş məşqçisi Elxan Abdullayev bu gün istefa verib. Klub onun istefasını qəbul edib. Onun əvəzinə hələ ki, yeni baş məşqçi təyin olunmayıb.

Azarkeş və oyunçularla vidalaşan Elxan Abdullayev özünü belə ifadə edib:
"Hər şeydən əvvəl "Neftçi” PFK-nın rəhbərliyinə mənə inandığı və şans verdiyi üçün minnətdarlığımı bildirirəm. 3 illik müqaviləmin qüvvədə olmasına baxmayaraq, komandanın ilk iki turda göstərdiyi nəticələrin məsuliyyətini üzərimə götürərək, istefa verdim. Bu qərar heç də asan başa gəlmədi və hər hansı bir kənar təzyiqlə bağlı deyil. Mübariz bir insan kimi deyirəm ki, indiyədək hansısa təzyiq və tənqidlərdən çəkinməmişəm. Sadəcə, son nəticələri "Neftçi”nin böyük tarixinə yaraşdırmadım. Hər şeydən maksimum əldə etməyə çalışan bir insanam və bu çətin vəziyyətdən çıxış yolunu getməkdə gördüm. Ümid edirəm ki, bu qərarım "Neftçi”yə yalnız xeyir verər. Klubda çalışdığım müddətdə mənə inanan və dəstək olan hər kəsə, hər bir azarkeşə təşəkkür borcluyam! Çox sağ olun!”

Qeyd edək ki, "Neftçi"yə müvəqqəti olaraq Elşad Əhmədov baş məqçi gətirilir. O, “ağ-qaralar”ı 3-cü turda “Kəpəz”lə keçiriləcək görüşə hazırlaşdıracaq.


Müəllif: Könül Əlibəyli

Oxşar xəbərlər