Rusiyadan S-400 raketdən müdafiə sisteminin alınmasının təhdid kimi qiymətləndirilməsi Türkiyəni narahat edir. Biz raket əleyhinə müdafiə qurğularını Fransadan da, Almaniyadan da, Çindən də ala bilərdik. Aparılan danışıqlardan sonra ən münasib razılaşmanı Rusiya ilə əldə etdiyimiz üçün bu sistemi Rusiyadan alırıq. Kimlərinsə bunu başqa tərəfə yozması doğru deyil.
Teleqraf.com türk mediasına istinadla xəbər verir ki, bu sözləri Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Mahir Ünal Türkiyənin 2 milyard dollar qarşılığında Rusiyadan 4 ədəd S-400 sistemi almasına dair verilən qərara beynəlxalq reaksiyanı şərh edərkən deyib.
Onun sözlərinə görə, Türkiyə S-400-ün alınması barədə qərarı müstəqil şəkildə verib: “NATO ilə əlaqələrdə Türkiyənin üzərinə götürdüyü öhdəliyi yerinə yetirməməsindən söhbət gedə bilməz. Qərarımızın NATO müttəfiqliyinə qarşı təhdid kimi dəyərləndirilməsi, açığı, bizi narahat edir. Bu, Türkiyənin müstəqil şəkildə qəbul etdiyi qərardır”.
Qeyd edək ki, Türkiyə Rusiyadan 2 milyard dollar dəyərində 4 ədəd S-400 sistemi almağı planlaşdırır. Dünyada hava hücumundan ən etibarlı müdafiə sistemi olan S-400-lər pilotlu və pilotsuz, havadan gələn hər cür təhlükəni dəf etmək gücündədir.