11 Dekabr 2017 20:58
1 690
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Suriyada dəniz və hava bazası var. Üstəlik bu hərbi bazalar həm genişləndirilib, həm də möhkəmləndirilib. Ona görə də Rusiya prezidentinin ordunu Suriyadan çıxarmaq haqda əmri yanlış başa düşülməməlidir. Rusiya hərbi baxımdan Suriyanı tərk etmir. Əksinə Rusiyanın Suriyada çox güclü hərbi varlığı var.

Bunu Teleqraf.compa Rusiya Prezidenti Putinin Suriyadakı qoşunların çıxarılması haqda əmrini şərh edən politoloq Sülhəddin Əkbər deyib.

O əlavə edib ki, bu qərarla sadəcə olaraq, Suriyada varlığına ehtiyac qalmayan birliklər çıxarılır:

“Bu da daha çox İŞİD-lə aparılan mübarizədə qət edilən yolla və Rusiyada yaranan hazırkı durumla bağlıdır.

İkinci səbəb kimi onu deyə bilərəm ki, Rusiya, İran və Suriya ABŞ-a qarşı növbəti diplomatik-siyasi həmləyə hazırlaşır. Belə ki, bu addımdan sonra bütün xarici qoşunların Suriyadan çıxarılması tələb oluna bilər. Bildiyiniz kimi, ABŞ Suriyada hərbi baxımdan legitim iştirakçı deyil.

Üçüncü amil Rusiya daxilində yaranan durumla, xüsusilə şimal qonşumuzun maliyyə-iqtisadi problemləri ilə bağlıdır”.

S. Əkbər qeyd edib ki, bəzi siyasi müşahidəçilər Rusiyanın bu addımından sonra ABŞ-ın Suriyada daha çox hərbi iştirakçılığa cəhd edəcəyini proqnozlaşdırırlar:

“Əslində, bu yanlış yanaşmadır. Nəzərə almaq lazımdır ki, ABŞ-ın Suriyada hərbi iştirakçılığı zəif deyil. Bəzi kəşfiyyat məlumatlarına görə, Suriyada ABŞ-ın 12, bəzi xəbərlərə görə isə 13 hərbi bazası var. ABŞ Suriyada bundan artıq hərbi baza saxlamaz”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin rus ordusuna Suriyadan geri çəkilməklə bağlı əmr verib. O bildirib ki, Rusiya və Suriya ordusu iki il ərzində aparılan birgə əməliyyatlar nəticəsində uğur qazanaraq, İŞİD terror təşkilatını tamamilə məhv edib.


Müəllif: Cavad