13 Dekabr 2017 15:44
1 451
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı elan etməsi ilə bağlı ərəb ölkələri ayrı-ayrılıqda sərt bəyanatlar versələr də, əməli olaraq heç bir siyasi təzyiqlərə başlamayacaqlar.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi ekspert Məhəmməd Əsədullazadə bildirib.

O qeyd edib ki, ilk növbədə Ərəb Dövlətləri Liqası ABŞ-a qarşı sanksiyalar paketini qəbul edib, bu ölkədən silah alışına qadağa qoymalı və bütün əlaqələri dondurmalı idi:

“Amma buna gedilmədi. ABŞ məhz ərəb ölkələri vasitəsilə Yaxın Şərqdə öz geosiyasi maraqlarını həyata keçirir. Səudiyyə Ərəbistanı başda olmaqla Körfəz Əməkdaşlıq Şurasına üzv ölkələr (Şuraya Səudiyyə Ərəbistanından başqa Bəhreyn, Qətər, Küveyt, Birləşmiş Ərəb Əmirlikləri və Oman daxildir – S.Həmid) və İordaniya ABŞ-ın müttəfiqi və ən böyük silah alıcısıdırlar. Ərəb Dövlətləri Liqası ABŞ-a qarşı sanksiyalar qəbul etməklə Vaşinqtonun Yaxın Şərq siyasətinə böyük zərbə vura bilərdilər. Necə ki, Tramp Qüdsü İsrailin paytaxtı kimi tanımaqla ərəb dünyasına zərbə vurdu”.

M.Əsədullazadə qeyd edib ki, ərəb ölkələri ABŞ-a sanksiyalar tətbiq edib, onu Yaxın Şərqdən çıxararlarsa, regiona Rusiya və Çin daxil ola bilər:

“Bununla da Yaxın Şərqdə yeni nizam formalaşar. Amma ərəb ölkələri buna getməyəcək. Getdikcə zəifləyib ABŞ və İsrailin təsiri altında olacaqlar”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər