Teleqraf.com ərəbşünas alim Fərda Əsədovla Suriya böhranı, ABŞ-Türkiyə münasibətləri, Qərbin İrana təzyiqləri və Rusiyanın son siyasi gedişləri mövzusunda müsahibəni təqdim edir.
- Fərda müəllim, Rusiya bəyan edir ki, İŞİD məhv edilib və Suriyada terrorizmə ölümcül zərbə vurulub. ABŞ isə Suriyada terrorizmə qarşı mübarizənin davam edəcəyini bildirir. Bu iki super dövlətin Suriyada real duruma fərqli münasibəti nədən qaynaqlanır?
- Öncə deyim ki, Rusiya tərəfindən belə bir mövqe sərgilənib. Hətta Rusiyanın Suriyadakı hərbçilərinin müəyyən hissəsi geri dönüb. Ancaq bu o demək deyil ki, Rusiya Suriyadan əlini tam çəkir və hesab edir ki, Suriyada səhnədə qalan yerli qüvvələr indiyə qədər onun gördüyü işi davam etdirməyə hazırdırlar. Söhbət, sözsüz ki, Rusiya ilə yaxınlıq edən Suriyadakı siyasi qüvvələrdən, ilk növbədə Bəşər Əsəd rejimindən gedir.
Digər tərəfdən, düşünmək olar ki, ruslar kifayət qədər maliyyə, güc və enerji tələb edən işlərdən uzaqlaşmağa meyl edirlər. Eləcə də amerikalılar və ya başqa qüvvələrlə ümumi razılığa gəlmək üçün addım atırlar. Onu da nəzərə almaq lazımdır ki, Rusiyanı qarşıda prezident seçkisi gözləyir. Bu seçkinin nəticələri onun Qərblə münasibətlərinə təsir edəcək. Bu məqam ola bilsin ki, rusları yuxarıda qeyd etdiyim addımları atmağa vadar edir.
Eyni zamanda İranın da üzərinə müəyyən qədər məsuliyyət düşür. Suriya prosesində Rusiya və İran Bəşər Əsəd rejiminə dəstək verərək, onu hakimiyyətdə saxlamağa nail oldular. İndi isə gördüyünüz kimi, Rusiya Qərbə mesajlar göndərir və səhnədə sanki İran tək qalır. Mövcud vəziyyət isə İran daxilində iqtisadiyyatdan qaynaqlanan bəzi narazılıqlar yaradıb. Fikrimcə, bunların hamısı Rusiyanın daha ehtiyatlı siyasət aparması, eyni zamanda öz mövqeyindən geri çəkilməməsindən xəbər verir. İndi görək, rusların bu addımları Suriya daxil olmaqla dünyanın digər qaynaq nöqtələrində yeni razılaşmalar əldə edilməsi, kompromislərin tapılmasında nə dərəcədə rol oynayacaq.
- Ancaq hazırda Suriyada Türkiyənin maraqları baxımından kritik proseslər yaşanır. Ankara məcburiyyət qarşısında Afrin əməliyyatına start verir və bu, sözsüz ki, Vaşinqtonla münasibətlərin pozulması fonunda baş verir. Bu prosesin sonunu necə görürsünüz?
- Görünən odur ki, Türkiyə tədricən Yaxın Şərq səhnəsində ön plana çıxır. Şübhəsiz ki, Türkiyə böyük siyasi qüvvələr arasında coğrafi baxımdan Suriyaya ən yaxın olanıdır. Türkiyə Suriyada özünün daxili siyasətinə bilavasitə aidiyyəti olan məsələlərlə üzləşir. Bu baxımdan Türkiyə daha çox qətiyyət göstərməyə, özü üçün həyati vacib məsələləri həll etməyə çalışır. Qeyd edim ki, Amerika ilə münasibətlərdə Türkiyənin hər zaman qətiyyətli mövqedə olması, paralel olaraq böyük oyunçu kimi davranması münasibətlərin ikitərəfli maraqlara söykənmiş qaydada qurulmasına əsas verir. Görünür, bundan sonra Amerikanın da münasibətləri bu səviyyəyə qaldırmasına ehtiyac var. Eləcə də Türkiyənin ABŞ siyasətinə təsir etməsi zəruridir. Hazırda Türkiyə-ABŞ münasibətlərində xeyli anlaşılmazlıqlar var. Bu anlaşılmazlıqların əslində, Ankara-Vaşinqton münasibətlərinə daha az təsiri olmalıdır. Lakin biz bunun əksini görürük. Beləliklə, Türkiyə qəti mövqe nümayiş etdirməklə özünün böyük oyunçu olduğunu isbat etməyə çalışır.
- ABŞ-ın Suriyada yenidən 30 minlik hərbi birləşmə yaratması və bu hərbçilərin 70 faizinin etnik kürdlərdən ibarət olması hansı zərurətdən doğur?
- Bu, yəqin ki, Trampın praktik, qətiyyətli siyasət aparmasına uyğun addımdır. Başqa qüvvələr arasında kifayət qədər qarşılıqlı anlaşma yoxdur. Yəni Avropa-Rusiya, Türkiyə-Avropa, İran münasibətləri, nüvə məsələsi kimi məqamlarla bağlı qarşılıqlı anlaşma olmadığı üçün Tramp qəti və sərt addımlar atmaqla yeni vəziyyət yaradır. Üstəlik, ABŞ hərbi baxımdan mütəşəkkil qüvvə olmaqla hadisələri öz arxasınca aparmağa təşəbbüs göstərir. Yəni, liderlik iddialarını ortaya qoyur. Amma bunun nə dərəcədə real qüvvələr tarazlığına söykəndiyi sual altındadır. Digər tərəfdən, bu, ABŞ-ın özündə də sual doğuran məsələyə çevrilir. ABŞ-da ekspert icması bütün bunları səhv addım, tələskən qərar kimi qiymətləndirir.
Mən düşünürəm ki, bir çox oyunçular məsələyə çox ehtiyatla yanaşacaq. Hesab edirəm ki, bu hələ tam qərarlaşmış bir məsələ deyil. Başqa qüvvə və oyunçular ABŞ-ın İraqdakı kampaniyasına münsaibətdə fərqli mövqe tutdular. Digər dövlətlər ABŞ-ın bu addımına dəstək verəcəkmi? Bu, kifayət qədər anlaşılmaz məsələdir.
- ABŞ Suriyada faktiki olaraq Türkiyənin maraqlarına zərbələr endirir, terrorçulardan ibarət dəstələr formalaşdıraraq Türkiyə ilə sərhəd boyunca yerləşdirməyə çalışır və s. Bu mənada Suriyada ABŞ-Türkiyə qarşıdurması gözləniləndirmi?
- Düşünmürəm ki, Suriyada ABŞ-Türkiyə qarşıdurması baş verəcək. İndi orada elə vəziyyət yaranıb ki, hər kəs gücünü göstərir və yeni anlaşma formaları axtarır. Ola bilsin ki, ikitərəfli münasibətlərdə nələrsə dəyişməlidir. Amma qarşıdurma o qədər də real deyil. Türkiyə ordusu güclü ordudur. Digər tərəfdən, inanmıram ki, bu qarşıdurmaya rəvac verən beynəlxalq dəstək olsun. Həm də Ərdoğan özünü təcrübəli, qətiyyətli və gözlənilməz addımlar atan, eyni zamanda dəyişən vəziyyətə uyğun olaraq öz mövqeyini dəyişən çevik siyasətçi kimi göstərib. O, təcrübəli siyasətçi olaraq, təhlükələrin hamısını nəzərə alaraq, tələsik addımlar atmayacaq.
- İndi Yaxın Şərqdə vəziyyət gərgin olsa da, önə daha çox İran məsələsi çıxır. Sanki ABŞ və müttəfiqləri tərəfindən bu ölkəyə ekspansiya olacaq. Sizin İran məsələsindən hansı gözləntiləriniz var?
- İran daxilində böyük qarşıdurma gözə dəyməsə də, siyasi elita içərisində fikir ayrılığı çoxdur. İslahatçı adlandırılan və prezidentin timsalında özünü göstərən qüvvə, əslində, real siyasi mühiti formalaşdırmaqda məhdudiyyətlərlə rastlaşır. Digər tərəfdən, İranda ictimai fəallıq, institutlar var. Ona görə də burada ola bilsin ki, daxili siyasi anlaşılmazlığın təzahürü olan etirazlar kəskinləşsin. Əlbəttə, bunda maraqlı olan xarici qüvvələr də var. Son hadisələr göstərdi ki, bu qüvvələr arasında ABŞ və İsrail birincidir. Onu da qeyd edim ki, İranda islahatlar tələb olunur. Bunun üçün müəyyən qədər siyasi iradə də var. Amma İranda hansısa qüvvənin Qərblə oyuna girib daxili çaxnaşma yaratması barədə deyilənləri real saymıram. Mən iranşünas olmasam da, düşünürəm ki, bu hadisələri şərh edən bəzi mütəxəssislər məsələyə yanlış yanaşırlar. Onlar deyirlər ki, İrandakı aksiyalarda dünyəviliyə, qərbləşməyə meyl nəzərə çarpır. Mən bu fikirlə razı deyiləm. Biz dəfələrlə görmüşük ki, Qərbdən İrana basqılar olanda, İran cəmiyyəti mütəşəkkil olur və bu təpkilərin qarşısını ala bilir.