Moskvanın Troisk məhkəməsi Ermənistan vətəndaşı Qraç Arutyunyanı 7 il azadlıqdan məhrum edib.
Rusiyada 18 sərnişinin ölməsi ilə nəticələnən dəhşətli qəzanı törədən sürücü haqda yekun qərar elan edilib.
Müqəssir Rusiya Federasiyası cinayət məcəlləsinin 264 (Yol hərəkəti qaydalarının pozulması), 327 (saxta sənədlər) maddələri ilə ittiham edilib. Cəzasını o, ümumi rejimli koloniyada çəkəcək. Həmçinin ona 3 il nəqliyyat vasitəsini idarə etmək qadağan edilib. Məhkəmənin hökmündən göründüyü kimi, yol hərəkəti qaydalarının pozulmasında və nəqliyyat vasitələrinin istismarında Arutyunyanın günahı tamamilə sübut edilib.
"Arutyunyan qeyd olunmamış tranzit nömrələrlə nəqliyyat vasitəsini idarə edib, yol hərəkət qaydalarını kobud şəkildə pozub və ona riayət etməyib, təhlükəli sürəti seçib, diqqətli olmayıb, yolu keçən nəqliyyat vasitəsinə güzəşt etməyib", - deyə hakim elan edib.
Həmçinin hökmdə qeyd edilir ki, Arutyunyan idarə etdiyi "KAMAZ"ın əyləc sisteminin nasazlığı haqqında məlumatlı olub.
46 yaşlı erməni bu qəzaya kimi 6 dəfə yol hərəkəti qaydalarını pozub.
Qeyd edək ki, iyulun 13-də Moskva ətrafı Podolsk şəhərində "KamAZ" markalı yük maşını avtobusa çırpılaraq onu iki yerə bölmüşdü. Sərnişinlərin çoxu aşan yük maşınında olan çınqıl daşların altında qalaraq həlak olmuşdu.
Ermənistan vətəndaşı həmin hadisədən sonra həbs edilib. Qraç Arutyunyan məhkəmə qarşısına qadın xalatı və çimərlik ayaqqabısında çıxarılması ilə yadda qalıb.
/anspress/