28 Fevral 2018 01:42
2 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fevralın 27-də erməni diaspor təşkilatlarının Avropa Parlamentində keçirdiyi tədbir azərbaycanlı gənclərin səyləri nəticəsində iflasa uğradılıb.

Teleqraf.com xəbər verir ki, sırf propaqanda xarakteri daşıyan tədbirdə erməni millətçiləri və işğalçı rejimin təmsilçiləri ilə birgə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər etmiş Avropa Parlamentinin deputatı Lars Adaktusson, tanınmış ermənipərəst S. Markedonov və digər bu kimi “müstəqil mütəxəssislər” iştirak ediblər.

Tədbir zamanı çıxışçıların gülünc fikirlərinə etiraz əlaməti olaraq, azərbaycanlı gənclər “Xocalıya ədalət” şüarının əks olunduğu plakat qaldırıblar. Tədbirin təşkilatçıları azərbaycanlı gənclərə hücum çəkərək kobudcasına plakatı onların əllərindən almağa çalışıb, çaxnaşma yaradıblar.

Zalda olan azərbaycanlı gənclərin çıxışlarında Xocalı soyqırımını törətmiş, azərbaycanlılara qarşı etnik təmizləmə aparmış Ermənistanın münaqişədə işğalçı mövqeyi ifşa edilib, bu səpgidə suallar ünvanlandırılıb. Tədbirin gedişatının ermənilərin nəzarətindən çıxdığını görən təşkilatçılar hətta onun sosial şəbəkələr vasitəsilə canlı yayımını dayandırmağa məcbur olublar.

Beləliklə, erməni diasporunun Avropa Parlamentinin binasında keçirilmiş “yığıncağını” beynəlxalq konfrans kimi təqdim etmək cəhdləri vətənpərvər Azərbaycan gənclərinin mütəşəkkil səyləri sayəsində tam iflasa uğrayıb. (APA)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər