Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidməti Qəbələ rayonu Vəndam kəndi yaxınlığında çətin keçidli meşə massivində “Dağlıq və mürəkkəb relyefə malik ərazilərdə axtarış-xilasetmə əməliyyatlarının təşkili və keçirilməsi” mövzusunda təlim keçirib
FHN-in mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, təlimə Xidmətin 59 nəfərdən ibarət şəxsi heyəti, 9 ədəd texnikası, 3 baş xüsusi təlim keçmiş it və Fövqəladə Hallar Nazirliyinin Şimal-qərb Regional Mərkəzinin 10 xilasedicisi (ümumilikdə 71 nəfər) cəlb olunub.
Təlimin məqsədi komandir və rəis heyətinin dağ-meşə massivlərində axtarış və qəza-xilasetmə işlərinin təşkil edilməsi və rəhbərlik sahəsində təcrübəsini artırmaq, mürəkkəb relyefə malik ərazilərdə təbii xarakterli fövqəladə halların nəticələrinin aradan qaldırılması tədbirlərinin yerinə yetirilməsinin təşkili üzrə iştirakçıların vərdişlərini və praktiki bacarıqlarını təkmilləşdirmək, hərbi hissələrin və bölmələrin çətin keçilən ərazilərdə fövqəladə hadisə rayonuna yürüşü zamanı, həmçinin ərazi üzrə Regional Mərkəzlərin qüvvələri ilə qarşılıqlı fəaliyyətin təşkili üzrə praktiki vərdişləri təkmilləşdirmək, şəxsi heyətin mənəvi-psixoloji hazırlığın və ağır fiziki yük aldığı zaman və ekstremal şəraitdə dözümlülüyünü artırmaq olub.
Praktiki məşğələlərin gedişatında Xidmətin struktur bölmələri və təlimlərə cəlb edilən regional mərkəzlər arasında fövqəladə hallar (hadisələr) zamanı qarşılıqlı fəaliyyətin yaradılması məqsədi ilə təlimin rəhbərliyi tərəfindən müxtəlif xarakterli şərti komandalar verilmiş və dağ-meşə massivlərində birgə axtarış-xilasetmə əməliyyatları keçirilib.
Səhra çıxışı zamanı xilasedicilərə düşərgənin qurulması, mürəkkəb şəraitdə (dağ, yarğan, meşə və s.) gecə və gündüz axtarış cihazları və xüsusi təlim keçmiş itləri tətbiq etməklə axtarış-xilasetmə işlərinin yerinə yetirilməsi, zərərçəkmişlərin təxliyə edilməsi üçün müvafiq xilasetmə alət və avadanlıqdan istifadə edərək dağ çayları üzərindən keçidlərin qurulması, alpinist ləvazimatından və əl altı vasitələrdən istifadə edərək yüksəklikdən və yarğandan zərərçəkmişlərin təxliyəsi, zərərçəkmişlərə ilkin yardım və təxirəsalınmaz tibbi yardım göstərilməsi sahələri üzrə praktiki məşğələlər keçirilib.