18:04
Prezident İlham Əliyev Tahir Əmiraslanovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycanın milli kulinariya ənənələrinin qorunması və təbliği sahəsində xidmətlərinə görə Tahir İdris oğlu Əmiraslanov “Şöhrət” ordeni ilə təltif edilsin".
***
Prezident İlham Əliyev Mövlud Balakişiyevin “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Azərbaycan ədəbiyyatının inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) “Şöhrət” ordeni ilə təltif edilsin.
***
Prezident İlham Əliyev Aşıq Şəmşirin 125 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.
2018-ci ildə Azərbaycan aşıq yaradıcılığının böyük nümayəndəsi, respublikanın əməkdar incəsənət xadimi Aşıq Şəmşirin (Şəmşir Qurban oğlu Qocayevin) anadan olmasının 125 illiyi tamam olur.
Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır. Qədim saz havalarının və dastanların mahir ifaçısı kimi tanınan el sənətkarı daim vətən torpağına bağlı olub, yaradıcılığı boyunca xalqın duyğu və düşüncələrini, yüksək mənəvi keyfiyyətləri və yurdun təbiət gözəlliklərini tərənnüm etmişdir.
Sərəncamda qeyd edilir ki, Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Aşıqlar Birliyi ilə birlikdə Aşıq Şəmşirin 125 illiyi ilə bağlı tədbirlər planını hazırlayıb həyata keçirsin.
Nazirlər Kabinetinə tapşırılır ki, sərəncamdan irəli gələn məsələləri həll etsin.
***
Prezident İlham Əliyev Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Ağsu, İsmayıllı, Qobustan və Şamaxı rayonlarında cəmi 776 şagird yerlik modul tipli 14 məktəbin (siyahı əlavə olunur) quraşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 4 392 000 (dörd milyon üç yüz doxsan iki min) manatı Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılsın.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
***
Prezident İlham Əliyev İlqar İskəndərovun Rusiya Federasiyasının Yekaterinburq şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, İlqar Fazil oğlu İskəndərov Rusiyanın Yekaterinburq şəhərində Azərbaycanın baş konsulu vəzifəsinə təyin edilsin.
***
Prezident İlham Əliyev Əşrəf Şıxəliyevin Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir ki, Əşrəf Fərhad oğlu Şıxəliyev Azərbaycanın Hindistanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilsin.
***
Prezident İlham Əliyev Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin həyata keçirilməsi haqqında sərəncam imzalayıb.
Aqrar sahədə aparılan uğurlu islahatlar nəticəsində bir sıra strateji məhsullara tələbatın yerli istehsal hesabına tam ödənilməsinə, ölkənin ərzaq təhlükəsizliyində xarici bazardan asılılığın azalmasına, ixracyönümlü məhsulların istehsal həcminin artmasına və bununla da regionların davamlı inkişafına nail olunmuşdur. Son illərdə respublikada müasir tələblərə cavab verən su anbarlarının, nasos stansiyalarının, suvarma kanallarının və digər su təsərrüfatı obyektlərinin tikilməsi on minlərlə hektar torpaq sahəsinin əkin dövriyyəsinə cəlb edilməsi və aqrar sektorun inkişafı üçün böyük əhəmiyyət kəsb etmiş pambıqçılığın, taxılçılığın və digər kənd təsərrüfatı bitkiləri və heyvandarlıq məhsulları istehsalının genişləndirilməsinə xidmət edən aqroparkların və iri kənd təsərrüfatı müəssisələrinin açılmasına şərait yaratmışdır.
Həmçinin ötən dövr ərzində mövcud potensialdan səmərəli istifadə olunaraq, az məhsuldar qış otlaq sahələrinin suvarma suyu ilə təminatı və əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində tədbirlər görülmüşdür. Belə ki, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində 2017-ci ildə qış otlaqlarında görülmüş meliorasiya işləri nəticəsində 5000 hektar əraziyə suvarma suyu çatdırılmışdır.
Sərəncamda qeyd edilir ki, Sabirabad və Salyan rayonlarında yerləşən qış otlaqlarında meliorativ tədbirlərin aparılması layihəsi çərçivəsində işlərin davam etdirilməsi və sahəsi 11000 hektara yaxın olan qış otlaq sahələrinə suvarma suyunun çatdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 yanvar tarixli 3593 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.47.13-cü yarımbəndində göstərilmiş məbləğin 45,3 milyon (qırx beş milyon üç yüz min) manatı Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə ayrılsın.
Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək, Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılır.
***
İlham Əliyev Bakı Nəqliyyat Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir: Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Bakı Nəqliyyat Agentliyinin fəaliyyətini təmin etmək məqsədilə qərara alıram:
1. “Bakı Nəqliyyat Agentliyinin Nizamnaməsi” təsdiq edilsin (əlavə №1).
2. Bakı Nəqliyyat Agentliyində (bundan sonra — Agentlik) təsisçinin səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilsin:
2.1. Azərbaycan Respublikasının Prezidentinə:
2.1.1. Agentliyin nizamnaməsinin təsdiq olunması, nizamnamə fondunun miqdarının müəyyən edilməsi;
2.1.2. illik maliyyə hesabatlarının təsdiq edilməsi;
2.1.3. icra orqanının yaradılması, onun səlahiyyətlərinin müəyyənləşdirilməsi və səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi;
2.1.4. təsərrüfat cəmiyyətlərinin yaradılmasına və ya onlarda iştirak etməyə, idarə, filial və nümayəndəliklərinin yaradılmasına razılıq verilməsi;
2.1.5. xalis aktivlərinin dəyərinin 25 faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin) və aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 faizini və daha çox hissəsini təşkil edin əqdin bağlanmasına razılıq verilməsi;
2.1.6. Agentliyin yenidən təşkil və ləğv edilməsi;
2.2. Agentliyə:
2.2.1. inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi;
2.2.2. strukturunun təsdiqi.
3. Müəyyən edilsin ki:
3.1. Agentliyin ilkin nizamnamə fondu dövlət büdcəsinin vəsaiti hesabına formalaşır və 1.000.000 (bir milyon) manat təşkil edir;
3.2. Agentliyin fəaliyyətinə rəhbərliyi həyata keçirmək məqsədilə İdarə Heyəti yaradılır. Agentliyin İdarə Heyəti sədrinin və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə onların səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir.
4. Agentlik “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Bakı Nəqliyyat Agentliyinin balansında olan əmlak Agentliyin balansına verilsin.
5. “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin balansından Bakı Nəqliyyat Agentliyinin balansına verilən müəssisələrin siyahısı” təsdiq edilsin (əlavə №2).
6. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
6.1. Agentliyin yaradılması ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.2. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılmasına dair təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
6.5. “Yol nişanları və siqnalları haqqında” Konvensiyanın təsdiq edilməsi barədə”, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin təsdiq edilməsi barədə”, “Yol nişanları və siqnalları haqqında” 1968-ci il Konvensiyasını tamamlayan Avropa Sazişinin “Yolların nişanlanması barədə” Protokolunun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının qanunlarını və Azərbaycan Respublikasının tərəfdar çıxdığı digər beynəlxalq müqavilələri nəzərə almaqla svetoforların, yol nişanlarının, nişanlanma xətlərinin və yol hərəkəti təşkilinin digər texniki vasitələrinin tətbiqi ilə əlaqədar məsələlərin tənzimlənməsi məqsədilə müvafiq normativ hüquqi aktların layihələrini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.6. Agentliyin təklifləri əsasında Bakı şəhərində ilkin olaraq 4 nəqliyyat mübadilə mərkəzinin yaradılması məqsədilə torpaq sahələrinin ayrılması və həmin mərkəzlərin Agentlik tərəfindən tikilməsi ilə əlaqədar zəruri tədbirlərin görülməsini təmin etsin;
6.7. bu Fərmanın 5-ci hissəsi, 8.1-ci bəndi və 9-cu hissəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Bakı Şəhər İcra Hakimiyyətinin istifadəsində olan dövlət əmlakının Agentliyin balansına verilməsini təmin etsin;
6.8. bu Fərmanın 4-cü və 5-ci hissələrinə uyğun olaraq Agentliyin balansına verilən dövlət əmlakının qiymətləndirilərək Agentliyin nizamnamə fondunda nəzərə alınması üçün müvafiq təkliflərini üç ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.9. tikilinin istismar təyinatından asılı olaraq, nəqliyyat vasitələrinin saxlanması üçün parklanma yerləri, qarajlar və açıq dayanacaqlar tələb olunan tikinti obyektlərinin növləri, habelə həmin tikinti obyektlərinin parklanma yerləri, qarajlar və açıq dayanacaqlarla təmin olunması normativləri, eləcə də bu normativlərə əməl edilməsi vəziyyətinin, tikilinin yol-nəqliyyat axınına təsirinin və nəqliyyat infrastrukturuna çıxış imkanlarının qiymətləndirilməsi ilə bağlı hüquqi aktların layihələrini Agentliyin təklifləri əsasında altı ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
6.10. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
7. Agentlik:
7.1. Bakı şəhərindəki bütün svetoforların Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi vasitəsilə mərkəzləşdirilmiş qaydada idarə edilməsini təmin etmək məqsədilə zəruri tədbirlər görsün;
7.2. Bakı şəhərindəki avtomobil yollarını svetoforlar, yol nişanları, nişanlanma xətləri və yol hərəkəti təşkilinin digər texniki vasitələri ilə təchiz edilmə səviyyəsini müəyyən etmək məqsədilə təftiş etsin və təftişin nəticəsi barədə 6 ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
7.3. bu Fərmanın 7.2-ci bəndi nəzərə alınmaqla avtomobil yollarının zəruri yol hərəkəti təşkili vasitələri ilə təchiz edilməsi məqsədilə tədbirlər planını təsdiq etsin və müvafiq işlər görülməsini təşkil etsin;
7.4. bu Fərmanın 8.2-ci bəndində və 10-cu hissəsində nəzərdə tutulmuş məlumatların müvafiq dövlət qurumlarından elektron qaydada alınmasını təmin etmək üçün zəruri tədbirlər görsün;
7.5. yol hərəkəti iştirakçılarını hərəkətin məhdudlaşdırıldığı və ya qadağan edildiyi avtomobil yolları, habelə tıxaclar və avtomobil yollarında nəqliyyatın hərəkət intensivliyi barədə real vaxt rejimində məlumatlandırmaq üçün zəruri tədbirlər görsün;
7.6. Agentliyin strukturunu, işçilərinin say həddini, Agentlikdə əməyin ödənilməsi formalarını və miqdarını, Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla bir ay müddətində təsdiq etsin;
7.7. Agentliyin dövlət qeydiyyatına alınması üçün bu Fərmanın qüvvəyə mindiyi tarixdən üç gün müddətində “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin;
7.8. Agentliyin dövlət qeydiyyatına alındığı tarixdən 3 (üç) iş günü müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə bu barədə məlumat versin.
8. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi:
8.1. Bakı şəhərinin inzibati ərazisində öz idarəetməsində olan svetoforları üç ay müddətində Agentliyə təhvil versin;
8.2. hərəkətin məhdudlaşdırılması və ya qadağan edilməsi nəzərdə tutulan avtomobil yolları barədə ən azı 3 (üç) iş günü əvvəldən, təxirəsalınmaz hallarla bağlı olduqda isə dərhal elektron qaydada Agentliyə məlumat versin.
9. Bakı Şəhər İcra Hakimiyyəti Bakı şəhərində müntəzəm sərnişindaşıma xidməti göstərən avtomobil nəqliyyatı vasitələri üçün dayanacaq məntəqələrinin, parklanma yerlərinin və taksi minik avtomobilləri üçün duracaq yerlərinin Agentliyin idarəetməsinə verilməsini iki ay müddətində təmin etsin və həmin fəaliyyəti tənzimləyən analoji qurumlarının (struktur bölmələrinin, ştatlarının) ləğv edilməsi üçün tədbirlər görsün.
10. Bakı şəhərinin inzibati ərazisində avtomobil yollarının mülkiyyətçiləri (sahibləri) və avtomobil yollarının bilavasitə altında, yaxud təhkim və ya qorunma (mühafizə) zolaqlarında yerləşən mühəndis-kommunikasiya təminatı sistemlərinin mülkiyyətçiləri hərəkətin məhdudlaşdırılmasına və ya qadağan edilməsinə səbəb olacaq işlərin aparılması nəzərdə tutulan avtomobil yolları barədə müvafiq işlərə başlamazdan ən azı 3 (üç) iş günü əvvəl, təxirəsalınmaz hallarda isə dərhal elektron qaydada Agentliyə məlumat versinlər.
11. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.