Bu gün 11 aprel prezident seçkilərində müşahidəçi kimi iştirak edən xarici nümayəndələrin mətbuat konfransı keçirilib.
Teleqraf.com xəbər verir ki, konfransda bir neçə ölkənin nümayəndələri seçkilərdə müşahidə etdikləri faktları mətbuatla bölüşüb.
Çexiya parlamentinin millət vəkili, Deputatlar Palatasının üzvü Yirji Valenta bunları deyib:
“14 seçki məntəqəsində müşahidə apardıq. Seçkilər demokratik və qanunauyğun şəkildə keçirildi. Qanun pozuntularına rast gəlmədik. Yeni seçilən prezidentə işlərində uğurlar arzu edirik”.
***
Qırğızıstan-Azərbaycan parlamentlərarası dostluq qrupu rəhbərinin müavini Talaybek Masabirov:
“Azərbaycan xalqını İlham Əliyevin prezident seçilməsi münasibətilə təbrik edirəm. Dünən məntəqələri gəzdik. Heç bir məntəqədə pozuntu hallarına rast gəlmədik. Təxminən 10 məntəqədə olduq. Seçicilər üçün yaxşı şərait yaradılmışdı. Bərabərhüquqlu şəkildə səsvermə baş tutdu. Azərbaycan xalqına rifah və çiçəklənmə arzu edirik”.
***
Böyük Britaniya Lordlar Palatasının üzvü Devid Evans Vatford:
“Mən də əlavə etmək istərdim ki, seçki məntəqələrində olanda seçki komissiyalarının üzvləri bizi yaxşı qəbul etdi. Seçki prosesi şəffaf keçdi”.
***
Qazaxıstan parlamentinin senat üzvü Abdalı Nuralıyev:
“İlham Əliyevi yenidən prezident seçilməsi münasibətilə təbrik edirəm. Yaxşı seçki atmosferi var idi. Bakıda bir neçə seçki məntəqəsində olduq. Hər şey qanuni şəkildə təşkil edilmişdi. Heç bir qanun pozuntusu qeydə almadıq. Azərbaycan xalqını bu böyük hadisə münasibətilə təbrik edirəm”.