8 İyun 2018 09:51
733
12 Punto 14 Punto 16 Punto 18 Punto

Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə təşkil olunmuş iftar mərasimində çıxış edərək olduqca mühüm mesajlar verdi. Bunların bir qismi sosial-iqtisadi və sosial-mənəvi xarakterli idisə, digər mühüm qismi hazırkı beynəlxalq münasibətlər şəraitində yeni siyasi reallıqlar və onların perespektivləri ilə bağlı idi.

Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

O qeyd edib ki, prezident bu kontekstdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələlərini önə çəkərək həm dünya, həm də Ermənistan və Azərbaycan ictimaiyyətinə, o cümlədən problemi həll etmək üçün öhdəlik götürmüş beynəlxalq və regional təşkilatlara Azərbaycanın prinsipial mövqeyi və problemi həll etməyin vacibliyini ilə bağlı fikirlər bildirib:

“Məsələ ondadır ki, beynəlxalq münasibətlər sisteminin ən yeni tarixi mərhələsində xeyli dərəcədə strateji keyfiyyət dəyişiklikləri baş verib. Yeni dünya nizamına doğrü mühüm addımlar atılıb. Bu proses dinamikdir və çoxqütblü dünya nizamı üçün yaxşı perspektivlər yaradır. Azərbaycan isə həyata keçirdiyi praqmatik və düşünülmüş siyasət sayəsində yeni güc mərkəzi formalaşdırmaqla əslində perspektiv çoxqütblü mərkəzlərdən biri kimi çıxış etməyə hazırlaşır. Bu prosesdə Azərbaycan daim ərazi bütövlüyümüzün bərpası məqsədini prioritet kimi müəyyənləşdirərək özünə yeni müttəfiqlər qazanmaqla Ermənistanın ənənəvi şimal və cənub müttəfiqlərini də öz tərəfinə çəkməyi bacarıb.

Buna paralel olaraq beynəlxalq təşkilatlarla və beynəlxalq ictimai rəylə də xüsusi işlər aparılıb və ümumi mövqe lehimizə dəyişib. Azərbaycan Ermənistanı idarə edən hərbi xuntanı ifşa edə bilib. Ona görə də Prezident İlham Əliyev öz nitqində dedi ki, “Mənim illər ərzində dediyim sözləri indi erməni xalqı deyir. Mən dünyanın ən ali kürsüsündən – BMT kürsüsündən Ermənistanın əvvəlki kriminal rejimini ifşa etmişəm. Onları öz adları ilə çağırmışam. Onları Xocalı soyqırımında ittiham etmişəm, hərbi cinayətlərdə ittiham etmişəm. Ermənistanın əvvəlki hakimiyyətini qaniçən, kriminal, quldur rejim adlandırmışam. Bütün bunlar həqiqətdir. Mən həqiqəti demişəm, indi bu həqiqəti erməni xalqı deyir”. Həqiqətən də, bu fikirlər indiyə qədər Azərbaycan tərəfinin erməni diktatura rejiminin işğalçılıq siyasətini ifşa etmək üçün həyata keçirdiyi diplomatik həmlələrin bir qismini tamamilə doğru ifadə edir”.

H.Babaoğlu qeyd edib ki, məsələnin ikinci tərəfi isə iqtisadi sahə ilə bağlıdır: “Bu istiqamətdə də Azərbaycan işğalçı Ermənistanı dalana dirəmək üçün qətiyyətli addımlar atıb. Prezident İlham Əliyev bu məsələlərə də toxunaraq dedi: “Mən dəfələrlə demişdim ki, Ermənistanda iqtisadi böhran, demoqrafik böhran yaşanır, ölkə boşalır, hər il on minlərlə insan o ölkəni həmişəlik tərk edir, Ermənistanda inkişaf üçün heç bir perspektiv yoxdur. Demişəm ki, Azərbaycan Ermənistanı dalana çevirib, iqtisadi, siyasi, nəqliyyat dalanına çevirib. Nəyə görə? Ona görə ki, Ermənistan torpaqlarımızı işğal edibdir. İndi bütün bunları erməni xalqı deyib və deyir. Bu, bir daha onu göstərir ki, bu münaqişədə Azərbaycan öz istədiyinə nail olacaq, həqiqəti, ədaləti bərpa edəcək”. Göründüyü kimi Azərbaycanın artan hərbi-siyasi gücü, qətiyyəti regionda mühüm keyfiyyət dəyişikliyi yaradıb və hərbi-siyasi və iqtisadi güc balansı tamamilə ölkəmizin xeyrinə dəyişib. Bu isə problemin həllini diqtə edir, çünki aclıq və safalət içərisində yaşayan Ermənistan Azərbaycanın torpaqlarını üzün müddət işğal altında saxlaya bilməz.

Prezident İlham Əliyev məhz bu reallıqlardan çıxış edərək Ermənistanın yeni hakimiyyətinə çağırış etdi. Dövlət başçısı Ermənistanın yeni rəhbərliyinin əvvəlki hakimiyyətin səhvlərini təkrarlamayacağına, münaqişənin tezliklə həll olunması üçün ciddi işlər görəcəyinə və imitasiya naminə yox, real danışıqlar prosesinə start veriləcəyinə ümid etdiyini bildirdi.

Prezident qeyd etdi ki, beləliklə, məsələ öz həllini tapa və Qafqaza sülh gələ bilər. Daha sonra dedi ki, biz bunu istəyirik, biz münaqişənin həllini tələb edirik, bizim buna haqqımız çatır. Ümid edirik ki, bu məsələ danışıqlar yolu ilə tezliklə öz həllini tapa bilər”.

H.Babaoğlunun fikrincə, bu fikirlərin daha qlobal şərhi belə nəticəyə gəlməyə imkan verir ki, Dağlıq Qrabağ probleminin həlli bütövlükdə Qafqaza sülh və əmin-amanlıq gətirə bilər. Bu da həm Cənubi Qafqaz üçün rifah və sabitlik, həm də regionda strateji marağı olan ölkələr üçün yeni əməkdaşlıq perspektivləri deməkdir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər