Son zamanlar Azərbaycan daxilində baş verən prosesləri pisləyirəm və bu kimi halları qəbulediməz hesab edirəm.
Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin (AKP MK) sədri Rauf Qurbanov son günlərdə ölkə ərazisində dini radikalların fəallaşmasıyla bağlı Teleqraf.com-un sualına cavab verərkən belə deyib.
Partiya rəhbəri baş verən proseslərə kənar müdaxilə ehtimallarından danışıb:
“Cərəyan edən hadisələrdə xarici dövlətin rolunun olmasına gəlincə, hesab edirəm ki, bu məsələni aydınlaşdırmaq üçün istintaqın gedişatını gözləmək lazımdır. Mətbuatda da qonşu ölkələrdən bir neçəsinin adı çəkilir. Qənaətimə görə, istintaqın yekun rəyi ilə tanış olmadan belə iddialar irəli sürmək Azərbaycanın qonşu dövlətlərlə münasibətlərinə kölgə sala bilər.
Hazırda Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluq Gəncə hadisələri ilə bağlı geniş araşdırma aparır. Bu araşdırmalar başa çatdıqdan sonra məsələnin qaranlıq qalan tərəfləri aydın olacaq. Buna görə də düşünürəm ki, konkret nəticələrlə tanış olmadan hansısa dövlətin adını çəkmək doğru deyil. Hesab edirəm ki, hüquq-mühafizə orqanlarının ortaya çıxardığı nəticələr daha doğru olacaq. Məlum olacaq ki, hadisələrin əsas sifarişçisi kimdir. Məsələnin ciddiyyətini nəzərə almaqla buna şəxsi qənaətlə yanaşmaq dövlət maraqlarımıza ziddir. Bu dövlətçiliklə bağlı məsələ olduğu üçün hər kəs məsuliyyətli və ehtiyatlı olmalıdır”.
Rauf Qurbanov qeyd edib ki, Azərbaycan bütün qonşu dövlətlərlə normal və dostluq münasibətlərinə üstünlük verir:
“Hesab edirəm ki, prezidentin nəzarətində olan məsələyə şəxsi münasibət ortaya qoymaq yanlışdır. Əgər istintaq təsdiq etsə ki, burada xarici amillərin rolu var, bu zaman buna uyğun olaraq müvafiq addımlar atılmalı və işlər görülməlidir”.