3 Avqust 2018 15:44
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Diasporu İnformasiya Mərkəzi ilin diaspor liderlərinin mükafatlandırma mərasimini keçirib.

Teleqraf.com xəbər verir ki, tədbirdə çıxış edən Azərbaycan Diasporu İnformasiya Mərkəzinin sədri Toğrul Allahverdili Azərbaycan diasporunun bugünkü fəaliyyətindən, əldə olunan uğurlardan danışıb.

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə müstəqil Azərbaycanın dünyada tanınan və nüfuza malik olan dövlətçilik ənənəsi formalaşdırdığını deyib:

“Azərbaycan dövlətçilik sahəsində böyük uğurlar qazanıb və Azərbaycanı sevən hər kəs dövlətimizin uğurları ilə fəxr edə bilər. Ulu öndər Heydər Əliyevin qurduğu bu dövlətin təmsilçisi olaraq xaricdə fəaliyyət göstərmək hər bir nümayəndə üçün fəxrdir”.

Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı dövlətin diaspora fəaliyyətinə qayğısından söz açıb. Onun sözlərinə görə, dövlətin bu sahədə ciddi proqramları var:

“Lakin bunlar yetərli deyil. Hamımız əl-ələ verib bu istiqamətdə fəaliyyət göstərməliyik. Azərbaycanın ən önəmli məsələsi olan Qarabağ problem həllini tapmayıb. Bu istiqamətdə gücümüzü birləşdirməliyik. Xüsusən, Avropa, Rusiya, Amerikada diaspora fəaliyyəti ilə məşğul olmağın nə qədər çətin olduğunu bilirəm.Onların hansı şərtlər əsasında mübarizə apardığı, hansı çətinliklərlə qarşılaşdığından xəbərdaram. Üstəlik, bu mübarizələrində heç bir mənfəət də güdmürlər. Diaspor nümayəndələrimizinin bu işinin kökündə vətənə sevgi durur”.

Türkiyəli iş adamı Hüseyn Böyükfırat Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu bildirib:

“Ölkələrimiz arasında sərhəd ola bilər, lakin bizim aramızda olan sevgi heç zaman sərhəd tanımayıb. Bunu 1918-ci ildə əcdadlarımız sübut edib, biz də bu gün onların ənənələrini davam etdiririk. Dünyanın sərhədləri yenidən müəyyən edilir, bizim də ölkələrimizin problemləri var. Hansı sahədə fəaliyyət göstərməyimizdən asılı olmayaraq hər birimiz bu məsələdə dövlətimizin yanında olmalıyıq”.

Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov bu gün Avropa ölkələrində diaspora fəaliyyətinin ciddi tədbirlər gördüyünü bildirib:

“Bu gü hər bir Avropa ölkəsində Avropa Azərbaycanlıları Konqresinin təmsilçiliyi var. Artıq biz diaspora fəaliyyətinə nəinki ermənistana qarşı mübarizə aparırıq, lobbiçiklik istiqamətində də ciddi addımlar atırıq. Bəzi Avropa ölkələrində fəaliyyət göstərən, bəzi dövlətlərin xüsusi xidmət orqanları ilə əməkdaşlıq edən azərbaycanlıların da fəaliyyətinə qarşı tədbirlərimizi davam etdiririk”.

Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurası və Avropa Azərbaycanlıları Konqresi Məşvərət Şurasının üzvü İlham İsmayılov bildirib ki, diaspora fəaliyyəti ilə məşğul olmaq üçün vətənpərvərlik, könüllülük prinsipi əsasdır:

“Bu gün dövlət səviyyəsində diasporun fəaliyyətinə dəstək var. Bu dəstək ulu öndər Heydər Əliyev vaxtında da olub. Bu gün Prezident İlham Əliyev bu siyasəti davam etdirir. Prezidentin diaspora nümayəndələri ilə keçirdiyi qurultayda çıxışı zamanı dediyi tənqidlərdən nəticə çıxarsaq uğurlar əldə edə bilərik”.

Tədbirin sonunda keçirilən sorğu əsasında ən fəal diaspor liderlərinin mükafatlandırma mərasimi keçirilib. Ən fəal diaspora sorğusunun qalibi Avropa ölkələri üzrə Avropa Azərbaycanlıları Konqresinin prezidenti Sahil Qasımov, MDB ölkələri üzər İslam Hüseynov olub.


Müəllif: Gülxar

Oxşar xəbərlər