8 Avqust 2018 19:43
956
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ Pezidenti Donald Trampın İrana qarşı sanksiyalar paketində "Cənub Qaz Dəhlizi" layihəsini istisna kimi göstərməsi onun Azərbaycanla münasibətlərə yüksək qiymət verdiyini, ölkəmizlə birgə iş görmək arzusunu göstərir.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Azərbaycan dünyanın sıradan ölkəsi deyil, böyük regionda siyasi rəngi dəyişməyə qadir dövlətlərdən biri hesab edilir: "Azərbaycanın ciddi kommunikasiya xətlərinin keçdiyi ölkə olması, özünün karbohidrogen ehtiyatlarını Avropa bazarlarına çıxarması, münaqişələrin sülh yolu ilə həllinə verdiyi töhfə qiymətləndirilir. "Cənub Qaz Dəhlizi" 10-a yaxın ölkənin marağındadır. Harada iqtisadi layihə varsa, orada sülh, inkişaf, milyonlarla insanın iş yeri var. Bu, olduqca vacib faktordur. Dünya gördü ki, ABŞ kimi dünyanın güclü və aparıcı ölkəsi Azərbaycanın təşəbbüskarı olduğu iqtisadi layihəni strateji istiqamətə yönləndirir".

Aydın Mirzəzadə vurğulayıb ki, Azərbaycan "Cənub Qaz Dəhlizi" layihəsi ilə özünün xoşməramını dəfələrlə sübut edib: "Azərbaycanla ABŞ arasında əməkdaşlıq çoxdan müttəfiqlikdən artıq strateji tərəfdaşlığa keçib. Azərbaycan bu əməkdaşlığı daha da möhkəmləndirmək üzrədir. Eyni zamanda İranla xüsusi münasibətlərimizin olduğunu önə çəkərək ölkələr arasında münasibətlərin normallaşması üçün töhfəmizi verməyə hazırıq. Azərbaycanın dost olduğu iki ölkə arasında münasibətlər yenidən gərginləşdiyinə görə təəssüf edirik. İran tarixi qonşumuzdur, yaxşı əlaqələrimiz mövcuddur. ABŞ strateji tərəfdaşımızdır, Birləşmiş Ştatları dünyada stabilliyin qorunub saxlanmasında əsas faktorlardan biri hesab edirik. Bu ölkələr arasında əvvəlki prezident Barak Obamanın dövründə istiləşmənin olması Azərbaycanı sevindirirdi. Təəssüf ki, yeni administrasiya fərqli yol tutdu və biz çox arzu edirik ki, bu ölkələr arasında münasibətlər normallaşsın".


Müəllif: Nərgiz Cavadzadə

Oxşar xəbərlər