İlham Şaban: “TANAP vasitəsilə İran qazını Avropa bazarına çıxarmaq çətin məsələ deyil”
İran İslam Respublikası hasil etdiyi təbii qazı Trans-Anadolu qaz boru kəməri (TANAP) vasitəsilə Avropaya ixrac etməyi planlaşdırır.
Bu barədə İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaizi məlumat verib. O deyib ki, hazırda rəsmi Tehran Azərbaycan və Türkiyə ərazisindən keçəcək TANAP kəməri vasitəsilə qaz ixracının iqtisadi səmərəsini araşdırır.
Bəs, İranın bu niyyəti baş tutacaqmı? Rəsmi Tehranın TANAP vasitəsilə təbii qaz ixrac etməsi nə dərəcədə realdır?
Teleqraf.com-un bu suallarına cavab verən Neft Araşdırmaları Mərkəzinin rəhbəri, iqtisadçı ekspert İlham Şaban bildirib ki, rəsmi Bakı Azərbaycanın qaz infrastrukturunun üçüncü tərəflər üçün açıq olmasını bəyan edib. Onun sözlərinə görə, Vaizinin bu açıqlaması da bundan irəli gəlib: “Yəni, bizim qaz infrastrukturu Rusiyanın neft və qaz infrastrukturundan fərqli olaraq qapalı deyil. Bunun həm Dövlət Neft Şirkətinin rəhbərliyi, həm də bu il xarici işlər naziri Elmar Məmmədyarov xarici səfərləri zamanı bir neçə dəfə qeyd edib. Bundan çıxış edərək İran tərəfi bildirib ki, onlar da özlərinin təbii qazlarını Avropaya nəql etmək üçün TANAP kəmərindən yararlanmaq istəyirlər. Bunu normal qarşılamaq lazımdır. Çünki İran qazının da Türkiyəyə çıxışı var. 1996-cı ildə İranla Türkiyə arasında bağlanmış sazişə görə, iki ölkə arasında ildə 10 milyard kubmetr qaz mübadiləsi həyata keçirilir. İran Avropaya müəyyən həcmdə qaz satmaq niyyətini də gizlətmir”.
İran qazının hazırkı şəraitdə və ya TANAP boru kəməri tikildikdən sonra bu kəmər vasitəsilə Avropaya ixracının nə dərəcədə real olmasına dair sualımızı cavablandıran İ.Şaban deyib ki, TANAP bir infrastruktur layihəsidir: “TANAP vasitəsilə biz İran qazını Avropa bazarına çıxara bilərik. Yəni, bu elə bir çətin məsələ deyil. Təbii ki, əgər həmin boru kəmərində ehtiyat həcmlərə imkan olarsa... Bu birinci məsələdir. İkinci və ən əsas məsələ isə Avropada İran qazını alacaq istehlakçı olmalıdır. Necə ki, Azərbaycan “Şahdəniz-2”dəki qazını Avropaya satmaq üçün əvvəlcə, yəni 2013-cü ilin sentyabrında 9 şirkətlə alqı-satqı müqaviləsi imzaladı. Yalnız bundan sonra, 2013-cü ilin dekabrında “Şahdəniz-2”yə start verildi. Yəni, sən əvvəlcə alqı-satqı müqaviləsi imzalamalı, sonra isə onu realizə etməlisən. Əgər sənin alqı-satqı müqavilən yoxdursa, əvvəlcə kəməri tikib, sonra nəyi kimə satacaqsan? Söhbət bundan ibarətdir. İrana qarşı isə sanksiyalar mövcuddur. Yəni, bir Avropa şirkəti cürət edib İranla müqavilə imzalamaz. Baxmayaraq ki, İran adının açıqlanmasını istəməyən 3 Avropa şirkəti ilə danışıqlar apardığını bildirib. Hətta bildirilir ki, guya onun biri Almaniya şirkətidir. Almaniya qəzetlərinin birinin müxbiri İran tərəfindən həmin şirkətin heç olmasa hansı şəhərdən olduğunu açıqlamaq məqsədilə rəsmi Tehrana sorğu göndərib. Ancaq İran tərəfi deyib ki, onların heç birinin adını açıqlaya bilməz. O zaman bildiriblər ki, İranın dediyi bu fikirlər boş söhbətdir. Yəni, qeyd etdiyim şərtlər olmalıdır ki, ondan sonra İran onları həyata keçirsin. İran qazı bu şərtlər yerinə yetirildikdən sonra TANAP-la nəql oluna bilər”.
İran qazının TANAP vasitəsilə ixracının iqtisadi səmərəliliyinə də münasibət bildirən ekspert deyib ki, TANAP son nəticədə TAP-la birləşməlidir: “Yəni, bu kəmərlərlə ixrac olunan qaz Yunanıstan və İtaliyaya gedir. İran TANAP sözünü dilə gətirirsə, demək heç olmasa 2023-cü ilədək onun alıcısı Avropanın cənub hissəsində olmalıdır. Tutaq ki, İran Almaniyaya qaz ixrac etmək istəyəcəksə, onu İtaliya üzərindən başqa bir kəmərlə Almaniyaya yönləndirmək iqtisadi baxımdan səmərəli deyil. “Nabukko” kəməri inşa olunsaydı, bu İran üçün iqtisadi baxımdan səmərəli olardı. Yəni, nüanslar çoxdur. Ümumiyyətlə, demək asandır, amma satış çox çətindir. Buna görə də İran dünyanın qaz ehtiyatlarının həcminə görə ikinci ölkə olsa da, qaz ixracı baxımından bu ölkənin bəxti gətirməyib. Hazırkı şəraitdə Vazinin fikirlərinin reallaşma ehtimalı çox aşağıdır. Bununla belə 5 ildən sonra nə olacağını demək çətindir”.
Səxavət