Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub.
Teleqraf.com-un xəbərinə görə, məktəbin direktoru Sevinc Hüseynova görülən işlərlə bağlı dövlət başçısına məlumat verib.
Bildirilib ki, 227 nömrəli tam orta məktəbin binası 1937-ci ildə tikilib. Binanın əsas korpusu İkinci Dünya müharibəsi illərində hospital kimi fəaliyyət göstərib. Sonra bina məktəb kimi fəaliyyətini davam etdirib. 2005-ci və 2007-ci illərdə məktəb üçün əlavə iki korpus tikilib və istifadəyə verilib. Yenidənqurma işləri yüksək səviyyədə həyata keçirilib. Hazırda məktəbdə ikinövbəli sistemdə 1176 şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 82 müəllim məşğul olur. Məktəbdə 38 sinif otağı, informatika kabineti, laboratoriya, idman və akt zalları, hərbi otaq və yeməkxana var. Şagirdlərin yüksək səviyyədə təhsil almaları üçün sinif otaqları zəruri dərs vəsaitləri ilə təchiz edilib. Məktəbdə internet, mebel-inventar və digər zəruri avadanlıqlar müasir tələblər səviyyəsindədir. Təhsil müəssisəsinin həyətində abadlıq işləri aparılıb, yaşıllıqlar salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb.
Qeyd olunub ki, məktəbin şagird və məzunları müxtəlif beynəlxalq bilik və idman yarışlarında, olimpiadalarda mühüm uğurlara imza atıblar. Bu təhsil ocağının məzunları ali məktəbə qəbul imtahanlarında yüksək nəticələri ilə seçilirlər. Son illərin statistikasına görə, məktəbi bitirən məzunların 60-70 faizi tələbə adını qazanıb.
***
10:33
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 12-də Bakının Nizami rayonunun Keşlə qəsəbəsindəki 227 saylı tam orta məktəbdə əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış olub.
Teleqraf.com-un xəbərinə görə, dövlət başçısına təhsil ocağında görülən işlər barədə məlumat verilib.