19 Oktyabr 2018 22:30
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin tarixində çox gözəl və əlamətdar bir gündür. Biz “Star Rafineri”nin açılışına toplaşmışıq. Xatırlayıram ki, 7 il bundan əvvəl əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla burada, Əliağada “Star”ın təməlini qoyduq və bu gün bu nəhəng layihənin açılışını bərabər edirik. Bu, bir daha onu göstərir ki, biz qarşımıza qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Bir daha onu göstərir ki, belə nəhəng layihələrin icrası üçün Türkiyə və Azərbaycan liderlərində güclü siyasi iradə var. Bu layihənin həyata keçməsinin əsas səbəbi Türkiyə-Azərbaycan dostluğu, qardaşlığıdır.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun açılış mərasimində çıxışı zamanı deyib.

"Mən yenidən qardaş Türkiyə torpağında olmağımdan çox məmnunam. Deməliyəm ki, bu il bu səfər mənim Türkiyəyə üçüncü səfərimdir. Əziz qardaşım Rəcəb Tayyib Ərdoğan bu il Azərbaycana iki dəfə səfər etmişdir. Bu səfərlərin sayı özlüyündə bir göstəricidir və onu göstərir ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik.

Mən qeyd etməliyəm ki, bu il Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü münasibətilə əziz qardaşım Rəcəb Tayyib Ərdoğanla Bakıda ötən ay keçirilmiş möhtəşəm hərbi paradda iştirak etdik. Bu hərbi paradda Türkiyə və Azərbaycan əsgərləri çiyin-çiyinə Bakının ən böyük meydanı olan Azadlıq meydanından şərəflə keçmişlər. 1918-ci ilin 15 sentyabrı tarixi bir gündür. Məhz o gündə Bakı şəhəri Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və yeni yaradılmış Azərbaycan Milli Ordusu tərəfindən işğaldan azad edilmişdir.

Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisə idi. Çünki ilk dəfə olaraq müsəlman aləmində Cümhuriyyət yaranmışdır. Ancaq Bakı, bizim qədim tarixi şəhərimiz işğal altında idi. Yeni yaradılmış hökumət Gəncə şəhərində fəaliyyət göstərirdi. Nuru paşanın komandanlığı altında Qafqaz İslam Ordusunun Gəncədən Bakıya möhtəşəm yürüşü və hərbi zəfəri nəticəsində Bakı işğalçılardan azad edildi və öz sahibinə, Azərbaycan xalqına qaytarıldı. O gündən bir neçə gün sonra Bakı Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı elan edilmişdir. Bu, unudulmaz tarixdir və yüz il o tarixdən sonra Türkiyə və Azərbaycan prezidentlərinin iştirakı ilə Bakıda təşkil edilmiş möhtəşəm mərasim bizim birliyimizi bir daha göstərdi. Göstərdi ki, bizim birliyimiz sarsılmazdır, bizim birliyimiz əbədidir, yüz il bundan əvvəl biz bir yerdə idik, bu gün də bir yerdəyik", - İlham Əliyev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər