Astanada oktyabrın 30-31-də Azərbaycan və Qazaxıstan hökumətlərarası komissiyasının növbəti iclası keçiriləcək.
Teleqraf.com xəbər verir ki, Azərbaycan-Qazaxıstan Hökumətlərarası Birgə Komissiyasının həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevdir.
İclasda keçən il aprel ayında Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Bakıya səfəri zamanı ölkə başçıları tərəfindən qarşıya qoyulan əsas məsələlərin icra vəziyyətinin müzakirəsi, əvvəlki iclasın protokollarında əks olunmuş tədbirlərin həyata keçirilməsi ilə bağlı hesabat və 2019-2020-ci il üçün iki ölkə hökumətinin qarşısında duran vəzifələr müzakirə olunacaq.
Həmçinin iclasda tranzit-logistika sektoru, kənd təsərrüfatı, enerji, kimya sənayesi və başqa sahələrdə əməkdaşlıq məsələlərinə baxılacaq.