Bu gün Bakıda Türkiyə Bayındır Sağlıq Qrupunun Azərbaycan təmsilçiliyinin açılış mərasimi keçirilib.
Teleqraf.com xəbər verir ki, açılışda Bayındır Sağlıq Qrupunun baş direktoru Səzai Sevgin və köməkçisi Cem Talas, Azərbaycan Uşu-sanda Federasiyasının prezidenti Azər Həsənsoy, Türkiyə səfirliyinin ticarət üzrə müşaviri Əhməd Ataker, səfirliyin digər əməkdaşları, qonaqlar və media nümayəndələri iştirak edib.
Açılış mərasimində çıxış edən Səzai Sevgin Azərbaycanla Türkiyə arasında münasibətlərə hər zaman önəm verdiklərini bildirib:
“Xarici ölkələrdə yerləşən Türkiyə səfirliklərinə gedəndə özümüzü vətəndə hiss ediriksə, Azərbaycana ayaq basdığımız andan etibarən özümüzü ata torpağında sayırıq. Burda özümüzü evimizdəki kimi hiss etdiyimiz üçün iş görmək daha asandır. Səhiyyə Türkiyədə güclü inkişaf etmiş sahələrdən biridir. Bir xəstə bizə müraciət etdiyi zaman nə etmək lazımdırsa, onu edirik. Nə artıq, nə də əskik. Bizim üçün keyfiyyət və tibbi etika çox önəmlidir. Azərbaycandan gələn qonaqlarımız da bizim üçün türkiyəli xəstələrimiz kimi eyni qiymətdədir. Hətta mən deyərdim ki, qonaqpərvərlik anlamında azərbaycanlılar daha çox dəyərlidir. 10 ildən çoxdur ki, Azərbaycanla bu sahədə əməkdaşlıq edirik. İndən sonra bu əməkdaşlığı daha yüksək səviyyədə davam etdirmək istəyirik. Nə qədər çox azərbaycanlı qardaşımız gəlib xidmətlərimizdən istifadə edərsə, bundan qürur duyarıq. Azərbaycandakı xəstəxanalarla əməkdaşlıq məsələsi ilə bağlı görüşlərimiz davam edir. Həm bizim, həm Azərbaycan üçün ən doğrusuna qərar verməyə çalışırıq”.
Daha sonra Bayındır Sağlıq Qrupu ilə Azərbaycan Uşu - Sanda Federasiyası, Azərbaycan Alpaqut Federasiyası, Azərbaycan Muaytay-Tayboks Federasiyası, Azərbaycan Kikboksinq Federasiyası, ”Azerbaijan Holidas”və “Le Tour LLC” turizm şirkətləri arasında müqavilə imzalanıb. Razılaşmaya əsasən, bu federasiyalar yarış üçün Türkiyəyə getdikləri zaman sağlıq problemləri ilə bağlı Bayındır Sağlıq Qrupunda müalicə alacaqlar.