Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Qafqaz Müsəlmanları İdarəsinin rəisi, Şeyxülislam Hacı Allahşükür Paşazadəyə və Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya açıq məktub yazması maraqla qarşılanıb.
Deputat qeyd edib ki, Bakıda keçirilən “Azərbaycanda İnsan Kapitalı üzrə Forum”un panellərində müzakirələr zamanı İsveçrənin Cənubi Qafqaz üzrə Əməkdaşlıq Ofisinin regional direktor müavini Simona Haberlinin “Lənkəran, Lerik və Astaranın əksər məktəblərinin siniflərində bir nəfər də olsun qız yoxdur” deməsi onu dərindən sarsıdıb. Bildirib ki, Azərbaycanın bəzi rayonlarında, o cümlədən Bakının bir sıra kəndlərində qız uşaqlarının təhsil almaları ilə bağlı problemlərin olduğunu, bəzi valideynlərin qız övladlarını məktəbə buraxmadıqlarını dəfələrlə ictimaiyyətin və müvafiq dövlət orqanlarının diqqətinə çatdırıb.
Sözsüz ki, millət vəkili çox ciddi bir problemə toxunub. Çünki bu günün savadlı qız uşağı sabahın savadlı anası, ən nəhayət, son nəticədə savadlı ailə, savadlı cəmiyyətin olması deməkdir. Maraqlıdır, Q.Həsənquliyev təhsillə bağlı niyə təhsilə aid qurumlara deyil, məhz dini strukturlara üz tutdu? Deputatın məktubuna reaksiya gəlibmi?
Bununla bağlı “Yeni Müsavat”ın suallarını cavablandıran Q.Həsənquliyev dedi ki, qız uşaqlarının təhsildən yayındırılması bizim millətin ən “yaralı” sahələrindən biridir: “Çox təəssüf ki, Azərbaycanın bəzi bölgələrində hələ də qız uşaqlarını təhsildən yayındırırlar. Səmimi şəkildə deyirəm ki, bu da daha çox din faktoru ilə əlaqədardır. Mənim də Dini İşlər üzrə Komitəyə və Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə müraciət etməyim bundan qaynaqlanır. Bu işdə Təhsil Nazirliyinə, dövlət strukturlarına ciddi dəstək lazımdır. Birincisi, Dini Komitə dövlət qurumudur, o, digər dövlət qurumları ilə əlaqəli işləməlidir, o cümlədən Təhsil Nazirliyi ilə. Həm də bizim dini icmalarla işbirliyində olmalıdır. Qafqaz Müsəlmanları İdarəsi isə bu işə öz töhfəsini verməlidir. Bizim din xadimləri yas mərasimlərində, müxtəlif dini mərasimlərdə moizələr oxuyurlar. Mən həmin müraciətimdə əbəs yerə Hacı Zeynalabdin Tağıyevdən misal çəkməmişdim. Hacı Zeynalabdin Tağıyev 117 il bundan öncə Azərbaycanda, ümumiyyətlə, Qafqazda, bəlkə də müsəlman şərqində qızlar üçün ilk məktəb açmışdı. Lakin hətta imkanlı adamlar belə, həmin məktəbə qızları buraxmırdılar. Ona görə də Hacı Zeynalabdin Tağıyev məhz din xadimlərinə müraciət edir, onların köməyindən istifadə etməyə çalışır. Onları göndərir ki, gedin, dünyadakı İslam mərkəzlərində olan savadlı din xadimlərindən məktub alın, gətirin, müsəmanlar arasında yayın ki, bizim qızlarımız, qadınlarımız təhsil almalıdır və s! Ona görə də mən bu müraciətimlə din faktorunu xüsusilə qabartdım".
Q.Həsənquliyev müraciətini “açıq məktub” formasında yazmasının səbəblərinə də aydınlıq gətirdi: “Əlbəttə, mən bunu açıq məktub formasında hazırlamaya da bilərdim. Yəni mən bunu birbaşa hörmətli Şeyxülislamla telefon əlaqəsi quraraq onun diqqətinə çatdıra bilərdim. Yaxud bizim Mübariz müəllimlə çox normal işgüzar münasibətlərimiz var, onun da diqqətinə çatdıra bilərdim. Ya da elə-belə, adi məktub göndərərdim. Mən bunu ona görə açıq məktub formasında yazdım ki, başqa din xadimləri də bunu oxusunlar, ictimaiyyətin diqqətini bu məsələyə yenidən yönəltmək istədim. Sözsüz, mən bu müraciəti Şeyxülislama etsəm də, əminəm ki, bizim təhsil siyasəti ilə məşğul olan şəxslər də bu məsələ ilə tanış olurlar”.
Deputat dedi ki, qızların təhsildən uzaqlaşdırılması ilə bağlı problemin kökündə din amili dayanır: “Kökündə İslam dini dayandığına görə və vaxtilə yanlış olaraq aparılmış dini təbliğat ona gətirib çıxarıb ki, bir çox insanlar yuxarı siniflərdən qızlarını çıxarırlar, təhsil almağa qoymurlar. Hətta Bakının kəndlərində belə, bəzən 3-4-cü siniflərdən sonra qız uşaqlarını məktəblərə buraxmırlar. Yəni başlarını bağlayıb mədrəsəyə göndərirlər, amma məktəbdə oxumağa imkan vermirlər. Bu, cəhalətdir”.
Q.Həsənquliyev rəsmi qurumlara da xitab etdi: “Mən hesab edirəm ki, hökumət də bu məsələdə ciddi və qətiyyətli olmalıdır. Xüsusilə də rayonlarda icra başçıları, icra hakimiyyətinin nümayəndələri, icra strukturlarının təmsilçiləri, təhsil şöbəsinin işçiləri, məktəb direktorları, həmçinin hüquq-mühafizə orqanları bu məsələdə son dərəcədə diqqətli olmalıdırlar. Amma inzibati resurslardan istifadə etməklə bu problemi həll etmək mümkün deyil. Burada maarifləndirmə işinə çox böyük ehtiyac var. Mən çağırıram ki, bizim din xadimləri təkcə dinimizi təmsil etməsinlər. Birinci, dinimizi yaxşı mənada təbliğ etsinlər... Bəzən əsası olmayan rəvayətlər danışırlar. Onun əvəzinə, yaxşı olardı ki, humanizm, insanlıq, xeyriyyəçilik təmsil olunsun. Görün, Azərbaycanda nə qədər gənclər təhsil haqqını verə bilmədiyinə görə, universitetləri tərk etməli olurlar. Təhsil haqqını ödəməyin, insanları oxutmağın nə qədər savab iş olduğunu qoy bizim imkanlı adamların diqqətinə çatdırsınlar, məclislərdə bu barədə danışsınlar, insanları xeyriyyəçilik fəaliyyətinə yönəltsinlər, xeyirxahlığa, ianə verməyə çağırsınlar. Həmçinin qadın hüquqlarından danışsınlar. Açıq deyək, bu gün rayonlarda hələ də məişət zorakılıqları var, qadınlara qarşı zor tətbiq olunur, boşanmaların sayı artıb. Bu məsələlərdən daha çox danışsınlar”.
Q.Həsənquliyev artıq açıq məktubuna Şeyxdən reaksiya gəldiyini bildirdi: “Mən çox məmnun oldum ki, hörmətli Şeyximiz artıq bu məsələyə reaksiya verib. Şeyx həzrətlərinin verdiyi məlumata görə, 27 dekabrda saat 11.00-da din xadimlərinin böyük bir toplantısı olacaq, orada qızların təhsildən yayınması məsələsi müzakirə olunacaq. Din xadimlərinin qarşısında bu məsələ yenidən bir vəzifə kimi qoyulacaq. Bu da onu göstərir ki, doğrudan da hörmətli şeyximiz Allahşükür Paşazadə çox mütərəqqi bir insandır. Bu fakt onun növbəti bir təsdiqidir”. Millət vəkili yeri gəlmişkən dedi ki, bəzən şeyxə qarşı çox ədalətsiz və vicdansızcasına kampaniya aparılıb: “Mən sizə açıq deyirəm ki, bu, Azərbaycanın düşmənlərinin işidir. Düzdür, bəziləri bilməyərəkdən bu kampaniyaya qoşulurlar. Amma bilirsiniz ki, 90-cı ilin yanvarında xalqın önünə çıxa biləcək birləşdirici fiqur, avtoritet, nüfuzlu lider yox idi. O zaman bizim dini liderimiz xalqın qarşısına çıxdı. Odur ki, xalqımız bunu heç vaxt unutmamalıdır. Ona görə də bu gün bəlkə də bizim düşmənlərimiz Azərbaycanı öz dini liderini gözdən salmaq, Azərbaycan xalqını bir növ din və mənəviyyat sahəsində ”tərk-silah" etmək, bu sahədə boşluq yaratmaq, bununla da xalqın mütəşəkkilliyinə, birliyinə zərbə vurmaq istəyirlər. Odur ki, biz hər birimiz belə hallara qarşı olmalıyıq".
Deputat Şeyxülislama qarşı kampaniyaları da pislədi: “Son vaxtlar mən mətbuatda dini, mənsəbi bilinməyən adamlar, bəzi siyasətbazlar tərəfindən, təzə peyda olmuş ”filosoflar" tərəfindən yersiz və xalqımıza böyük zərbə ola biləcək ittihamların şahidi oluram. Biz bunların qarşısında durmalıyıq və o adamlara da deməliyik ki, siz öyrədilmiş, tapşırıqla fəaliyyət göstərən insanlarsınız. Əslində nöqsanlar mövcuddursa, yaxud Şeyxülislamdan gözləntimiz varsa, tutaq ki, mən etdiyim kimi, müraciət etmək olar. Bu yolla bəzi məsələlərə aydınlıq gətirmək olar. Amma heç bir sənədsiz-sübutsuz ittihamlar yolverilməzdir. O zaman mən prezident seçkilərində də söylədim ki, əldə heç bir əsas, dəlil-sübut olmaya-olmaya böhtanları yağdırmaq, nələrdəsə ittiham etmək heç kəsə başucalığı gətirmir, xüsusilə də əgər o ittihamlar şeyx həzrətlərinə yönəlibsə... Şeyxi hədəfə alanlar onun bütün Qafqazın şeyxi olmasından pərişan olmalı deyillər. Biz əslində hamımız məmnun olardıq ki, o, bütün dünya müsəlmanlarının Şeyxülislamı olsun. Sonda təəssüfləndiyim bir məqamı da vurğulamaq istərdim: yalnız Azərbaycanda mümkündür ki, bir adamın nüfuzundan, hörmətindən ona qarşı bu cür qərəzli şəkildə istifadə olunsun".