Fransaya sığınan Vidadi İsgəndərli adlı şəxs açıq-aşkar təxribat xarakterli və terrora yönəlik çıxış edib. O deyib ki, Azərbaycan Prezidenti Qarabağda müharibə elan etsə, həmin silahı ermənilərə qarşı yox, Azərbaycan hakimiyyətinə qarşı istifadə edəcək.
Onun bu çıxışı ilə bağlı fikirlərini Teleqraf.com-la bölüşən əməkdar jurnalist Azər Həsrət bildirib ki, ümumiyyətlə, istənilən şəxs istənilən mübarizədə, xüsusilə də siyasi mübarizədə ifadələrinə diqqət etməli, korrekt davranmalıdır.
Azər Həsrətin sözlərinə görə, istər Azərbaycanda, istərsə də ölkədən kənarda heç kimin ixtiyarı yoxdur ki, bu cür təxribatçı və anti-dövlət çıxışlar etsin:
“İnsanlar düşünməlidir ki, belə hərəkətlər etmək cinayət əməlidir və belə hərəkəti dilə gətirmək özü belə Vətənə, millətə, dövlətə xəyanət deməkdir”.
Azər Həsrət düşünür ki, Azərbaycan dövləti bu çıxışı rəhbər tutaraq həmin şəxsə qarşı cinayət təqibi başlatmalıdır:
“Yəni, bu adam faktiki olaraq ermənilərin cərgəsində yer tutaraq Azərbaycana silah çevirməyə hazır olduğunu bəyan edib. Bu isə o deməkdir ki, adam özü öz sırasını, yerini seçib və düşmən cəbhəsində yer alıb. Rəsmən düşmən tərəfdən Azərbaycana təhdidlər yağdırmaqla məşğuldur. Ona görə də düşmənlə necə davranılırsa, həmin adamla da elə davranılmalıdır”.