Martın 19-da Tehranda və İranın digər şəhərlərində keçirilən “İlaxır çərşənbə” şənliklərində baş verən xoşagəlməz hadisələrdə ən azı 1 nəfər ölüb, 1500-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Teleqraf.com xəbər verir ki, ölkədə təhlükəsiz standartlarına uyğun olmayan alovlandırıcı maddələrin satışına qadağa qoyulmaması, yeniyetmələrin və uşaqların şənlənmək üçün əldəqayrma və qeyri-standart kimyəvi maddələrdən istifadəsi hər il olduğu kimi bu il də ölümə və xəsarət almaya səbəb olub.
İran Səhiyyə Nazirliyinin rəsmisi Peyman Saberian jurnalistlərə açıqlamasında bildirib ki, Zəncan şəhərində qeyri-standart alovlandırıcı maddələrdən istifadə edən bir nəfər həyatını itirib, axşam saatlarına qədər əlindən və əsasən gözlərindən xəsarət alan 433 nəfər tibb mərkəzlərinə müraciət edib.
Zəncanda, Tehranda və digər şəhərlərdə keçirilən şənlik mərasimlərində həmin maddələrdən istifadə edən onlarla insan hansısa bədən üzvünü, o cümlədən də göz, qol və ya barmaqlarını itirib.