“Diqlas” ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları da olacaq.
Teleqraf.com xəbər verir ki, bunu Bakının Nizami rayonundakı ticarət mərkəzində baş vermiş yanğınla əlaqədar martın 28-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə daxili işlər naziri Ramil Usubov deyib.
R.Usubov məlumat verib ki, yanğın baş verdikdən dərhal sonra Daxili İşlər Nazirliyinin və Baş Polis İdarəsinin rəhbərliyi və şəxsi heyəti hadisə yerinə gedib və qarşıda duran vəzifələrlə bağlı operativ tədbirlər görüblər. Belə ki, yol polisi əməkdaşları yanğınsöndürənlərin hadisə yerinə vaxtında və maneəsiz çatmaları üçün lazımi şərait yaradıb, 400 nəfərdən çox polis əməkdaşı hadisə yerində təhlükəsizlik tədbirlərinin təmin olunmasına cəlb edilib, əhalinin oradan uzaqlaşdırılması, nəqliyyatın hərəkətinin məhdudlaşdırılması ilə bağlı zəruri tədbirlər görülüb.
Nazir yanğının baş verməsi ilə bağlı müşahidə kameralarının qeydlərinin müvafiq qurumlara təqdim olunduğunu bildirib. Dövlətimizin başçısının tapşırığı ilə yaradılan komissiyanın tərkibində Daxili İşlər Nazirliyi əməkdaşlarının da təmsil olunacağını vurğulayan nazir tapşırıqların yüksək səviyyədə həyata keçiriləcəyini qeyd edib.