31 Mart 2019 23:28
874
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün köhnə təqvimlə 1918-ci ilin 17-21 mart tarixlərində baş verən azərbaycanlıların soyqırımından 101 il ötür. Bu faciəli hadisə haqqında Azərbaycanın o zamankı dövlət xadimləri, siyasətçiləri, jurnalistləri məqalələr yazıb, hadisənin unudulmaması üçün şahid olduqlarını və bildiklərini gələcəyə ötürüblər.

Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmmədəmin Rəsulzadə bu mövzuda bir neçə məqalə yazıb. Həmin yazılardan biri 1925-ci ildə “Yeni Kafkasya” jurnalında “Mart faciəsi” başlığı ilə dərc olunub.

Rəsulzadənin məqaləsindən bəzi hissələri təqdim edirik:
“... “Mart faciəsi” namıyla məşhur olan və bu tarixdə başlayan üç günlük qətliam başı bəlalı Bakının keçirdiyi çox qara və məzlum günlərini təşkil edir... Üç gün ərzində 15 min müsəlman öldürülmüş, türk müəssəsati-miliyyəsinin sarayı olan İsmailiyyə binasə ilə "Açıq söz" və "Kaspi" mətbəələri atəşə verilmiş, Bakının ən böyük məscidi top mərmiləri ilə dəlik-deşik edilmişdi. Ermənistanın muxtariyyət və istiqlalının fərmanını cibində daşıyan Şaumyanın “Bakinskiy raboçi” qəzeti millətçi azərbaycanlılara “muxtariyyət deyil, xarabazar görərsiniz!” demişdi. Bakıdan sonra növbə Qubaya, Lənkərana və nəhayət Şamaxıya gəlmişdi. Şamaxıda müsəlman məhəlləsinin daşı-daş üstündə qalmamış, ərəb fəthləri zamanından qalan, müdhiş Şirvan zəlzələlərinə dözən, bir neçə əsrin mədəniyyətinə şahid olan Böyük Məscidə də acımamış, bütün şəhəri yandırmışdılar”.

Rəsulzadə məqaləsində Cümhuriyyət dönəmində mart soyqırımını araşdırmaq üçün qurulmuş Fövqəladə Təhqiqat Komissiyasının sənədlərindən də nümunə gətirir.

Türk və müsəlman olmayan şahid gördüklərini bu şəkildə bildirib: “Heç kimə rəhm edilmirdi. Uşaqlara rəhm edilmədiyi kimi ixtiyarlara da aman yox idi. Məsələn, Əlizadə Hacı Əmirin evində 80 yaşlı anası, 60 və 70 yaşlı qadınları öldürülmüş, 25 yaşındakı yeni gəlini diri-diri divara mismarlanmışdı”.


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər