Prezident İlham Əliyev Nizami Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.
Teleqraf.com xəbər verir ki, sərəncamla Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Manaf oğlu Xudiyevə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü veriləcək.
Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.
Qeyd edək ki, Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub.
Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirib. 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. Rus və alman dillərini bilir.
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür.
1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləyib. 1994-1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olub. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışıb.
Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.
Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.