Monteneqronun Prezidenti Milo Cukanoviç Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Teleqraf.com-un məlumatına görə, təbrikdə deyilir:
"Hörmətli cənab Prezident,
Azərbaycanın milli bayramı - Respublika Günü münasibətilə Monteneqro xalqı adından və şəxsən öz adımdan Sizə səmimi təbriklərimi, ölkənizin tərəqqisi və dost Azərbaycan xalqının rifahı üçün ən xoş arzularımı çatdırıram.
Monteneqro və Azərbaycanın COVID-19 pandemiyasının yaratdığı çətin zamanlarda çox sıx və zəngin əlaqələrinə ehtiramla yanaşması dostluq və həmrəyliyimizi təsdiq etdi. Bu fürsətdən istifadə edib Zati-alinizə dövlətinizin, bizim azərbaycanlı tərəfdaşlarımızın və dostlarımızın Monteneqronu mühüm ianələrlə və qoruyucu tibbi ləvazimatlarla təmin etmələrinə görə təşəkkür edirik. Mübarizəmizin ən həssas zamanında bu kömək vətəndaşlarımızın sağlamlığı və həyatlarını qorumaq üçün xüsusi əhəmiyyətə malik idi. Bu ölkələrimizin davamlı dostluğunun növbəti təsdiqi idi. Monteneqro bu dostluğu yüksək dəyərləndirir və bunu hər zaman xatırlayacaq. Eyni zamanda, ölkənizin əzmli səylərlə və səmərəli tədbirlərlə koronavirus pandemiyasının yayılmasının qarşısını almaq istiqamətində gördüyü işlər təqdirəlayiqdir.
Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".