“Bakı-Naxçıvan reyslərin sayı artırılmasa, bəzi vətəndaşlarımıza uçuş növbəsi 3-4 aydan sonra çatacaq”.
Teleqraf.com xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib.
O bildirib ki, qardaş Türkiyə də daxil olmaqla xeyli sayda ölkə yerli uçuşları bərpa edib: “Ölkəmizdə paytaxtla Naxçıvan arasında hava əlaqəsi bərpa olunsa da, reyslərin azlığıı səbəbindən bu imkandan istifadə edənlərin sayı hələ də məhduddur.
Bakıdan Naxçıvana uçuşlar həftədə 1 gün və ya 4 dəfə həyata keçirilir. Hər uçuşda 100, həftə ərzində maksimum 400, ayda isə 1600 vətəndaşımız paytaxtdan Naxçıvana təyyarə ilə gedə bilir. Bizə olan müraciətlər göstərir ki, hazırda hər iki istiqamət üzrə getmək istəyənlərin sayı kifayət qədər çoxdur. İlkin qiymətləndirmələrə görə, ilk sərt karantin tətbiq olunduqdan sonra Bakıda qalan 6 mindən çox vətəndaşımız Naxçıvana getmək barədə müraciət edib”.
Vüqar Bayramov uçuş sayının və günlərinin ən azı 2 dəfə artırılmasını məqsədəuyğun sayıb: “Ayda ən çox 1600 sərnişinin bu uçuş xətlərindən istifadə etməsinin mümkünlüyünü nəzərə aldıqda indi Bakıdan Naxçıvana getmək istəyən vətəndaşımızın bir qismi oktyabr və hətta noyabr ayı üçün yer sifariş etmək məcburiyyətində qalıblar. Yəni, reyslərin sayı artırılmasa, bəzi vətəndaşlarımıza uçuş növbəsi 3-4 aydan sonra çatacaq.
AZAL-ın təyyarə parkının imkanlarını nəzərə aldıqda uçuşların sayının və günlərinin ən azı 2 dəfə artırılması məqsədəuyğun olardı. Təyyarə ilə uçmaq istəyən vətəndaşlar koronavirusa yoluxmamaq haqqında arayış tələbinə, eləcə də getdikləri yerdə bəlli müddətdə özünütəcridə əməl etmək şərti ilə uçuşlardan istifadə edə bilərlər.
Bu, bir tərəfdən virusun yayılmasının qarşını alacaq, digər tərəfdən isə Bakı ilə Naxçıvan arasındakı hava nəqliyyatının mərhələli şəkildə tam bərpasına imkan yaradacaq”.