İranda Qaşqay türklərindən olan bir qrup milli-mədəni, siyasi və ictimai fəal bəyanat yayaraq, Qarabağı və işğal altında olan digər rayonları Ermənistan işğalından azad etmək üçün hərbi əməliyyatlara başlayan Azərbaycan Ordusuna dəstək veriblər.
Teleqraf.com xəbər verir ki, bəyanatda işğalçıdan dərhal işğal etdiyi ərazilərdən çıxmaq tələb olunub.
Bəyanatda Qaşqay türklərinin azadlığı uğrunda mübarizə apardığına görə, İran rejimi tərəfindən həbs edilərək edam olunan milli qəhrəmanı Xosrov Xan Qaşqayinin ölümünün 39-cu ildönümünə təsadüf edən Azərbaycan Ordusunun işğalçıya qarşı keçirdiyi hərbi əməliyyata toxunulur və bildirilir ki, Qaşqaylar hər zaman çətin günlərdə Azərbaycan millətinin yanında olacaqlar:
“Biz Qaşqaylar nə qədər ki sağıq, elimizin başçısı Xosrov Xan Qaşqayi azadlıq, izzət və şərəfin müdafiəçisi olduğu kimi, biz də hər zaman Qarabağın müdafiəsi uğrunda canımızdan və malımızdan keçməyə hazırıq.
Bildiririk ki, Qarabağın Ermənistan tərəfindən işğal edildiyi o çətin günlərdə onlarla könüllü qaşqay türkü öz azərbaycanlı qardaşlarına yardım etmək üçün canlarını Qarabağa fəda etdikləri kimi, biz də bu torpaqların işğaldan azad olunması uğrunda canımızdan keçməyə hazırıq”.