5 Noyabr 2020 14:41
1 197
12 Punto 14 Punto 16 Punto 18 Punto

Teleqraf.com-un suallarını Humanitar Tədqiqatlar Cəmiyyətinin sədri, konfliktoloq Əvəz Həsənov cavablandırıb. Onunla müsahibəni təqdim edirik.

– Əvəz müəllim, 2014-cü ildən erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Şuşa həbsxanasından Ermənistana aparıldığına dair məlumat yayılıb. Sizdə bu barədə əlavə hər hansı məlumat varmı?

– Vallah, desəm ki, hər hansı dəqiq məlumatım yoxdur, inanmazsınız. Mən bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin məlumatını oxumamışam, Dilqəmin oğlunun açıqlamasını oxudum ki, bu barədə ona “Qırmızı Xaç”dan bildiriblər. O, mənim üçün etibarlı mənbə olmadığı üçün dəqiq deyə bilmərəm. Ona görə də Dilqəm və Şahbazın köçürüldüyünün baş verib-vermədiyini bilmirəm. Məntiqlə götürdükdə, erməni əhalisinin 30 faizi hələ də Xankəndidə, Şuşada və digər rayonlarda qalıbsa, onlar üçün heç bir əhəmiyyət kəsb etməyən iki nəfər girovu niyə xüsusi ab-hava, təmtəraqla İrəvana aparsınlar? Yəni əgər Şuşa həbsxanasında hələ də məhkumlar saxlanılırsa, bizim üçün girov, onlar üçün həbs olunanları İrəvana aparmaq onlara nə vacibdir? Yəni mən məsələni tam dəqiqliyi ilə bilmədiyim üçün məlumatı şərh etməkdə çətinlik çəkirəm.

– Bununla bağlı beynəlxalq təcrübə necədir?

– Beynəlxalq təcrübəyə gəldikdə, təbii ki, hərbi əməliyyatlar zamanı əməliyyatların getdiyi ərazini idarə edən dövlətin nümayəndələri əgər onların cəzaçəkmə müəssisəsində vacib sayıla bilən məhkum və ya məhkumlar varsa, onların təxliyyəsini təşkil edirlər. Onların daha təhlükəsiz əraziyə aparılmasını təşkil edirlər. Yəni dünyada belə praktikalar çox olub. Yuqoslaviya və bir çox digər münaqişələr zamanı belə hallar yaşanıb.

– Amma Dilqəm Əsgərovun oğlu bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsinə istinadən məlumat yayıb. Bildirib ki, bu barədə ona dünən günorta komitədən zəng vurub bildiriblər...

– Bir daha qeyd edirəm, o, mənim üçün etibarlı mənbə deyil, onun dediklərini şərh edə bilmərəm.

– Aydındır, gözləyirsiniz ki, bu barədə Beynəlxalq Qırmızı Xaç Komitəsi özü məlumat yaysın?

– Bəli, “Qırmızı Xaç” özü məlumat yaysa, bu barədə danışa bilərəm. Mən də qarşı tərəfdə dəqiqləşdirə bilərəm ki, doğrudanmı belə olub? Məntiqi baxımdan izah etdim ki, əgər Qarabağda hələ insanlar qalıbsa, mən onların İrəvana aparılmasının məntiqini hələlik başa düşmürəm. Yəni orda hələ yerli əhali var. Zirzəmilərdədir, yaşayırlar. O məntiqi anlamıram ki, nə üçün bunu edə bilərlər.

– Sizcə, bundan sonra Dilqəm Əsgərov və Şahbaz Quliyevin aqibəti necə olacaq?

– Təbii ki, indi hərbi əməliyyatların nəticələrindən çox şey asılıdır. Hərbi əməliyyatlar nəticəsində ermənilər o torpaqları itirsələr, onları da özləri ilə apara bilərlər. Onlardan bir arqument kimi Azərbaycana qarşı istifadə edə, yaxud Azərbaycanla hansısa bir məsələnin sövdələşməsini etmək üçün onlardan yararlana bilərlər. Və ya Şuşada onları tək buraxıb çıxıb gedə bilərlər. Yəni çox şey ola bilər. Ancaq indi əgər müharibəni uduzacaqlarsa və Şuşanı tərk edəcəklərsə, öz məhkumlarını oradan çıxaracaqlarsa, o iki məhkumu da özləri ilə İrəvana aparmaq onlar üçün problem deyil.

Çünki azərbaycanlı girovlar onlara danışıqlar prosesində müəyyən qədər üstünlük, “kozırlar” verə bilər. Ona görə də təbii ki, özləri ilə apara bilərlər. Məntiqlə aparmalıdırlar. Çünki nə isə nəticə, Azərbaycanla danışıqlar prosesində uğurlu nəsə qazanmaq istəyirlərsə, aparacaqlar. Yəni o boyda “kozır”ı Xankəndidə, yaxud Şuşada yiyəsiz qoyub getmək məntiqlə onlara sərf etmir. Bu, xırda güzəştlərin qoparılmasında onlar üçün çox böyük bir vasitə ola bilər. Ona görə qeyd edirəm ki, məntiqlə aparmalıdırlar. Ancaq indiki halda mən nəzərdə tuturam ki, ermənilər hələ özləri ordan tam çıxmadıqları halda girovların aparılması ağlabatan deyil.

– Azərbaycanlı girovların yerdəyişməsi necə həyata keçirilməlidir? Bu proses Beynəlxalq Qırmızı Xaç Komitəsinin müşahidəsi altında olmalıdır, yoxsa necə?

– Yox, onlar artıq cəza almış girovlardır. Təbii ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin onlara müəyyən qədər çıxışı var. Ancaq bir daha vurğulamaq istəyirəm ki, onlar cəza almış girovlardır. “DQR” onlara cəza verib, öz “qanunvericiliyi” ilə azadlıqdan məhrum edib. Ona görə də onların vəziyyəti bir qədər fərqlidir. Yəni demək olmaz ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi tam olaraq onlara nəzarət edə bilir və tutaq ki, sabah hansısa fövqəladə bir hal olsa, komitə onlar nəzarət etməyə borclu olacaq, yaxud edə biləcəklər. Yenə deyirəm, Beynəlxalq Qırmızı Xaç Komitəsi sağ olsun ki, onlarla müntəzəm əlaqə saxlaya bilib. Onları diqqət mərkəzində saxlayaraq ailəsi ilə müəyyən qədər təmaslara köməklik göstərib. Dilqəm Əsgərov və Şahbaz Quliyev bir qədər fərqli kateqoriyadan olan girovlardır. İndi müharibə gedir. Biz bilmirik onların bizdə nə qədər əsiri var, bizim onlarda nə qədər əsirimiz var. İndi “Qırmızı Xaç”ın işi o qədər çoxdur ki... Sakitcə hansısa cəzaçəkmə müəssisəsinin küncündə oturan Dilqəm və Şahbazdan belə deyək, daha önəmli işləri çıxıb. Ona görə də nə bacarırlarsa, edirlər.

– Bundan sonrakı dövrdə onların ailəsi ilə məktublaşması necə həyata keçiriləcək?

– Müharibənin qaydalarından çox şey asılıdır. İndi heç bir əvvəlki prinsiplər, qaydalar işləmir. Yəni hərbi əməliyyatların vəziyyətindən çox şey asılıdır. Görürsünüz ki, bu saat bütün diqqət hərbi əməliyyatlar istiqamətinə yönəlib. Ona görə də indi məktublaşma çox xırda bir detaldır. Əsas odur, dua edək ki, onlar orda sağ-salamat qalsınlar. Biz hərbi əməliyyatların getdiyi dövrdə Beynəlxalq Qırmızı Xaç Komitəsinin Xankəndidə, yaxud Qarabağın digər bölgələrində işləyə bilib-bilmədiyindən xəbərsizik. Çünki Beynəlxalq Qırmızı Xaç Komitəsi əməkdaşlarının orada təhlükəsizliyinin təminatı məsələsi var. Biz indi onların Xankəndidə, ümumiyyətlə Qarabağda olub-olmadıqlarını bilmirik. Bəlkə də ordan çıxıblar. Yəni bunu deməyin özü belə çətindir. Çünki hərbi əməliyyatların getdiyi dövrdə əməkdaşlarının taleyini düşünən bütün beynəlxalq qurumlar əməkdaşlarını ordan evakuasiya edir. Ona görə mən də necə olacağını deyə bilmərəm.

– Dilqəm Əsgərov və Şahbaz Quliyev nisbətən dinc, yəni hərbi əməliyyatların indiki qaynar fazasının olmadığı dövrdə həbs ediliblər. Bu baxımdan, onların bu günlərdə əsir götürülən şəxslərlə dəyişdirilməsini mümkün sayırsınızmı?

– Təbii ki, mümkün sayıram. Azərbaycan heç bir şərt irəli sürmədən, birtərəfli qaydada 30 erməni hərbçisinin cəsədini qaytardı. Ancaq indi Azərbaycanda saxlanılan hərbi əsirlər var. Bundan sonra hərbi əməliyyatların taleyi necə olacaq? Ermənistan hərbi əsirlərin qaytarılmasını istəyəcəkmi? Təbii valideynlər Ermənistanda hökumətə təzyiq edəcəklər ki, bizim uşaqlarımızı əsirlikdən azad edin. Azərbaycan tərəfi onları televiziyada nümayiş etdirib. Yaxud Ermənistanın müvafiq orqanları onların kim olduğunu bilirlər və biləcəklər. Onların şəxsiyyətini tanıyacaqlar. Belə olan halda valideynlər Ermənistan hökumətini məcbur edəcək ki, bizim uşaqlarımızı əsirlikdən azad edin. Ona görə Azərbaycan bu məsələdə şərt qoya bilər ki, siz bizim iki girovumuzu da qaytarın, eyni zamanda digər əsir və girovlarımız varsa, onları da qaytarın. Yəni artıq Azərbaycan tərəfi qaytara biləcəyi əsirlərlə bağlı çox ciddi şərtlər qoyub Dilqəm Əsgərov və Şahbaz Quliyevi də oradan azad edə bilər. Yəni bu, mənə tam real görünür.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər