Azərbaycan vətəndaşları, eləcə də xaricdə yaşayan soydaşlarımız Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə məktublar göndərməkdə davam edirlər. Onlar rəşadətli ordumuzun uğurlu əməliyyatları, torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı sevinc hisslərini bölüşür, dövlətimizin başçısına minnətdarlıqlarını bildirirlər
Teleqraf.com Prezidentin saytına istinadla məktublardan bir neçəsini təqdim edir:
Afiq Ağayevdən, Krasnoyarsk, Rusiya
Möhtərəm cənab Prezident,
Mən Füzuli rayonunda anadan olmuşam. Hazırda Rusiya Federasiyasında, Krasnoyarsk şəhərində yaşayıram.
Azad olunan torpaqlara görə Sizə ürəkdən minnətdarlığımı bildirmək istəyir, uzun ömür, cansağlığı, əsgər və zabitlərimizə isə cəsarət və erkən qələbə arzulayıram.
Vətəndən uzaqda olsaq da qəlbimiz xalqımızın və Sizin yanınızdadır.
Qarabağ Azərbaycandır!
Akif Ağatalıbovdan, Daşkənd, Özbəkistan
Müzəffər Ali Baş Komandan,
Siz Azərbaycan Respublikasının Prezidenti olaraq Ermənistanı dəfələrlə təxribatçı hərəkətlərə son qoymağa çağırdınız və hər zaman münaqişənin sülh yolu ilə həllinə çalışdınız.
Pandemiyaya baxmayaraq, 2020-ci ilin 27 sentyabrından Ermənistan BMT-nin atəşkəsə qarşı qlobal çağırışını pozaraq müstəqil Azərbaycan dövlətinə hücum edib və cəbhə boyu yenidən təxribatlar törədib. Ermənistan silahlı qüvvələrinin məqsədi sülh prosesini pozmaq və Azərbaycanı müharibəyə cəlb etmək idi. Özbəkistanda yaşayan soydaşlarımız da Ermənistanın Azərbaycana qarşı bu təcavüzkar siyasətini həmişə pisləyib. Ali Baş Komandan olaraq Sizin qətiyyətli çıxışlarınızdan və qələbəyə doğru atdığınız addımlardan mənəvi güc alırıq. Dağlıq Qarabağın işğaldan azad olunması uğrunda zəfər Qələbənizlə adınız Azərbaycan tarixinə qızıl hərflərlə düşəcək. Bu gün dünya azərbaycanlılarına qələbə daddıran lider olaraq bizə böyük sevinc yaşadırsınız. Dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlı Sizi özünə lider bilir.
Möhtərəm Prezident,
30 ildən artıq Özbəkistanda yaşayan diaspor rəhbəri olaraq əminliklə bildirirəm ki, soydaşlarımız Sizin daxili və xarici siyasətinizi dəstəkləyirlər. Biz istər Özbəkistan, istərsə də digər Orta Asiya respublikalarında Azərbaycanla bağlı müxtəlif tədbirlər keçirib ölkəmizin həqiqətlərini Orta Asiya respublikalarına çatdırmışıq. Özbəkistanda Azərbaycan həqiqətlərinin yerli ictimaiyyətə çatdırılması, azərbaycançılıq ideyasının, milli-mədəni irsimizin təbliği, soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı çox mühüm işlər görmüşük. Bu gün də Vətənim Azərbaycan üçün əlimizdən gələni etməyə çalışırıq. Şəxsən mənim 62 yaşım olmasına baxmayaraq, Sizin Ali Baş Komandan olaraq əmrinizlə Qarabağ uğurunda savaşa gedib Vətənimi qorumağa hazıram.
Səfa Ağamaliyevdən, Bakı, Azərbaycan
Müzəffər Ali Baş Komandan.
Sizin rəhbərliyiniz altında Ordumuzun Füzulini, Cəbrayılı, Zəngilanı, Qubadlını və digər torpaqlarımızı erməni faşistlərindən azad etməsi bizə qürur verir. Bu sevincli günləri bizə bəxş etdiyiniz üçün Sizə sonsuz minnətdarlığımı və təşəkkürümü bildirirəm. Bu haqq yolunda uğurlarınız bol olsun. Qarabağ Azərbaycandır!
Şakir Məhərrəmovdan, Ağdam, Azərbaycan
Hörmətli cənab Prezident.
Həmişə namərdcəsinə hücum edən ermənilər bu dəfə layiqli cavab aldılar. Sizin dünya səviyyəli siyasətçi kimi illərdən bəri möhkəmləndirdiyiniz ordu, iqtisadiyyat və xalq birliyi bu əks-hücumu Vətən müharibəsinə çevirdi.
Xalqını, ölkəsini çox sevən Prezidentimiz, Siz hamımızın sevimlisisiniz. Layiqli sərkərdəliyiniz sayəsində şanlı Ordumuz işğal altında olan torpaqların xeyli hissəsini azad edib və bu müqəddəs işi davam etdirir.
Əminik ki, qətiyyətiniz və əzminiz sayəsində bütün torpaqlarımız azad olunacaq. Ağdamın da cəbhə xəttində yerləşən kəndlərinin sakinləri bu günləri gözləyir.
Allah Sizi və əsgərlərimizi qorusun!
Kubra Məmmədovadan, Naftalan, Azərbaycan
Əziz Prezidentim, Müzəffər Ali Baş Komandanım,
Mən hər zaman Azərbaycan vətəndaşı olmağımla fəxr etmişəm. İndi bizləri zəfərlərə aparmağınız isə daha çox qürurvericidir. Sizin kimi qəhrəman bir sərkərdənin Prezidentimiz olması ilə fəxr edirik.
Sizin rəhbərliyinizlə müzəffər Ordumuzun son günlər bizlərə yaşatdığı sevinc anlarını sözlə ifadə etmək mümkün deyil. Sizlərin sayəsində tarixi torpaqlarımıza qovuşuruq. Tezliklə bütün Qarabağı düşmən tapdağından azad edəcəyinizə əminik. İnşallah, Azərbaycanın müqəddəs üçrəngli Bayrağı o torpaqlarda əzəmətlə dalğalanacaq.
Allah Sizi və Ordumuzu qorusun!
Səidə Əlizadədən, Göygöl, Azərbaycan
Cənab Prezidentimiz, hörmətli İlham Əliyev!
Xalqımızın bu çətin günlərində bizə verdiyiniz mənəvi gücə görə Sizə təşəkkür edirəm. Ailəmizlə birlikdə səbirsizliklə torpaqlarımızın azad olunma xəbərini Sizdən eşitməyi gözləyirik. Torpaqlarımızın azad olunduğu bu günlərdə keçirdiyimiz fərəh hissi və sevinc göz yaşları əvəzolunmazdır, müqəddəsdir. Bu hissləri bizə yaşatdığınız üçün Sizə çox minnətdarıq. Azərbaycan Respublikası vətəndaşı olaraq demək istəyirəm ki, Sizin siyasətinizi dəstəkləyirik və hər zaman xalq olaraq yanınızdayıq. Allah qüdrətli Ordumuzu və Sizləri qorusun. Allaha əmanət olun cənab Prezident!
Ramiz Ağayevdən, Beyləqan, Azərbaycan
Hörmətli Prezident, müzəffər Ali Baş Komandan!
Mən öz Prezidenti ilə fəxr edən 63 yaşlı dəmiryolçuyam. Qürur duyuram ki, Azərbaycanımızın Sizin kimi Ali Baş Komandanı var.
Uzun illərdir, xalqımızın gecə-gündüz xəyal etdiyi Qarabağ torpaqlarının işğaldan azad edilməsi arzusunu öz cəsarətiniz sayəsində məhz Siz həyata keçirirsiniz. Bu müqəddəs işinizə görə bütün Azərbaycan Sizinlə fəxr edir. Erməni faşistlərindən xalqımızın intiqamını almaqla və tarixi ərazilərimizi qaytarmaqla adınızı tarixə qızıl hərflərlə yazırsınız. Siz Qələbə gününü xalqımıza elan edən günə Allah yolunda qurban demişəm.
Allah Sizə ömür versin və müzəffər Ordumuzu qorusun!
Məhbubə Tahirovadan, Gəncə, Azərbaycan
Hörmətli cənab Prezident.
Sizin yürütdüyünüz müdrik siyasət öz bəhrəsini verir. Heç vaxt münaqişənin sülh və danışıqlar yolu ilə həllində maraqlı olmayan ermənilər hazırda cəbhədə apardığımız müharibədə dövlətimizin, xalqımızın, Ordumuzun gücünə bələd olurlar. Özlərinin bizim qarşımızda nə qədər aciz və zəif olduqlarını yaxşı başa düşürlər. Sizin uzaqgörən siyasətiniz nəticəsində dövlətimizin siyasi və iqtisadi baxımdan inkişafı Ordumuzun da güclənməsinə səbəb oldu. Vətən müharibəmizdə müzəffər Ali Baş Komandanımızın və güclü Ordumuzun sayəsində biz qalib gəlirik. İnşallah, işğal altındakı bütün torpaqlarımızı, Qarabağımızı tezliklə düşməndən geri alacağıq.
Hörmətli Prezidentimiz, Siz Azərbaycanımızın baş tacısınız. Azərbaycan xalqı Sizinlə fəxr edir, hər zaman Sizin arxanızdadır. Bu haqlı savaşımızda bizə mənəvi dəstək olduğu üçün Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyip Ərdoğana da təşəkkür edir, qarşısında baş əyirəm.
Cənab Prezident, bir vətəndaş kimi Sizdən xahişim var, istərdim ki, erməni vandalları tərəfindən Gəncədə, Bərdədə və digər bölgələrimizdə raket hücumu nəticəsində dağıdılmış yaşayış yerlərində erməni terrorunun qurbanlarının xatirəsini əbədiləşdirmək üçün park salınsın və abidə ucaldılsın. Bizdən sonra gələn gənc nəsil də erməni terrorunu daim xatırlasın.
Əziz Prezidentim, mən Sizinlə qürur duyuram. Siz Azərbaycanın fəxrisiniz. Vətənimiz, xalqımız üçün yorulmaz fəaliyyətinizə görə Sizə öz təşəkkürümü bildirirəm, qarşınızda baş əyirəm.
Qələbə bizimdir!
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan!
Rafiq Əskərovdan, Şəki, Azərbaycan
Müzəffər Ali Baş Komandan!
Mən yeritdiyiniz məqsədyönlü siyasət, xalqımıza yaşatdığınız bu gözəl günlər üçün qarşınızda baş əyirəm.
Cənab Prezident, mən 1992-ci ildə 15 yaşım olarkən evdən qaçıb Füzuli istiqamətində gedən döyüşlərə qatılmışam. Günü bu gün də hərbiyə gedərək son damla qanımadək vuruşub, şəhidlik zirvəsinə çatmağı özümə borc bilirəm.
Vətən tarixinin şanlı səhifələrini mən də qanımla yazmaq və bu şərəfli Vətən müharibəsində iştirak etmək istəyirəm. Qaydasız döyüşlə məşğul oluram. Düşmənin genində mərdlik nişanəsi heç zaman olmayıb. Erməni vandallarını torpağımızdan qovmaq mənim ən böyük arzumdur.
Sizinlə fəxr edirik!
Nəvai Kərimovdan, Gəncə, Azərbaycan
Hörmətli Prezidentimiz, Müzəffər Ali Baş Komandan!
Bizə uzun illərdən sonra qalib ölkə vətəndaşı hissini yaşatdığınız üçün Sizə şəhid ailələri adından dərin minnətdarlığımı bildirirəm. Bu haqq-ədalət mübarizəsində Sizə və Ordumuzun qəhrəman zabit və əsgərlərinə cansağlığı və böyük uğurlar arzu edirik.
Çox yaxında Sizdən böyük qələbə xəbərini eşidəcəyimizə əminik. İnanırıq ki, bütün şəhidlərimizin intiqamını alacaq, onların qanını yerdə qoymayacaqsınız.
Tanrı Azərbaycanın müdrik Ali Baş Komandanını və rəşadətli Ordusunu qorusun!
Aygün Dilbozovadan, Ağstafa, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Mən və işlədiyim Qazax Suvarma Sistemləri İdarəsinin kollektivi bir vətəndaş olaraq bu çətin və şərəfli günlərdə Sizə təşəkkür etməyi özümüzə borc bilirik.
Torpaqlarımızın işğaldan azad olunması uğrunda gedən müharibədə apardığınız müdrik və qətiyyətli siyasətiniz nəticəsində Ali Baş Komandanı olduğunuz rəşadətli Ordumuz düşmənə layiqincə cavab verir. Sizə dərin təşəkkürümüzü bildiririk.
Əziz Prezidentimiz, Allah Sizi xalqımızın üstündən əskik etməsin, var olasınız. Uca Tanrı Sizi Azərbaycan xalqına çox görməsin. Sizin yürütdüyünüz daxili və xarici siyasəti ürəkdən bəyənirik, Sizi hər zaman dəstəkləyirik. Azərbaycan xalqı xoşbəxtdir ki, Sizin kimi Prezidenti var. Əminik ki, tezliklə cəbhədən gələn sevindirici qələbə xəbərlərini bizə çatdıracaqsınız. Torpaqlarımız tez bir zamanda işğaldan azad olunacaq və üçrəngli Bayrağımız Qarabağda dalğalanacaq.
Qarabağ Azərbaycandır!
Çingiz Səfərovdan, Tovuz, Azərbaycan
Möhtərəm cənab Prezident!
Ulu Öndərin layiqli davamçısı, müzəffər Ali Baş Komandan, Azərbaycan xalqının əbədi xilaskarı, məğlubedilməz Liderimiz, biz həmişə Sizinlə fəxr etmişik. Azərbaycan dövlətinin Sizin kimi qürurlu, yenilməz bir sərkərdəsi var. Azad edilmiş torpaqlarda Azərbaycan Bayrağının dalğalanması barədə kadrları izlədikcə ürəyimiz qürurla dolur. Zəfər xəbərləri xalqımızı yeni qələbələrə ruhlandırır. Mən hər gün Sizin üçün dua edirəm. Allahdan Sizi qorumasını diləyirəm. Bugünkü qələbələr Sizin illərdən bəri yürütdüyünüz müdrik siyasətinizin nəticəsidir.
Mən Qarabağ uğrunda gedən döyüşlərdə iştirak etmişəm, Qarabağ müharibəsi veteranıyam. 1992-ci ildən 2007-ci ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmişəm. Kəlbəcərdə, Ağdərədə, Ağdamda, Füzulidə gedən döyüşlərdə torpaqlarımız uğrunda mübarizə aparmışam.
Bu gün ehtiyatda olan hərbiçi (gizir) kimi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmək üçün Tovuz Rayon Hərbi Komissarlığına və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə müraciət etmişəm. Vətənim üçün vuruşmağa hər an hazıram.
Düşmən tapdağındakı torpaqlarımız azad edildikcə biz qürurlanırıq. İnşallah, tezliklə xalqımız Böyük Qələbə sevincini yaşayacaq. Biz Sizə inanırıq və sona qədər düşmənlə mübarizə aparmağa hazırıq. Bütün xalqımız bu qələbələrin davamlı olacağına, üçrəngli Bayrağımızın Şuşa qalası üzərində dalğalanacağına əmindir. Gün o gün olsun ki, Azərbaycan Ordusunun təntənəli hərbi keçidini Laçında, Şuşada, Xankəndidə izləyək.
Xalqımızın rifahı naminə Sizə və ailənizə cansağlığı, yeni-yeni uğurlar arzulayıram.
Yaşasın Azərbaycan!
Gülrux Qabulovadan, Qobustan, Azərbaycan
Çox hörmətli Prezident!
70 yaşlı xəstə, əlil qadın olsam da Sizdən işğaldan azad olunmuş yerlərin adlarını eşidən zaman ürəyim dağa dönür, hətta fərəhdən bütün ağrı-acımı unuduram. Siz 30 ildir torpaq həsrəti ilə solmuş kədərli gözlərə nur, sevinc verdiniz. Sizin rəhbərliyiniz altında Ordumuz düşmənin başına od yağdırır.
Bu tarixi günlərdə silsilə çıxışlarınızı heyranlıqla dinləyir və fəxarət hissi keçirirəm. Nə yaxşı ki, bizim Sizin kimi qüdrətli Prezidentimiz, Ali Baş Komandanımız var.
Möhtərəm Prezidentimiz, hər bir azərbaycanlı Sizinlə fəxr edir, çünki Siz şanlı tarix yazırsınız. Bu haqq işinizi sona çatdırmaqda Tanrı yardımçınız olsun, var olun!
Allah Sizi və Vətənin müdafiəsində şücaət göstərən Ordumuzu qorusun!
Ənvər Əliyevdən, Füzuli, Azərbaycan
Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan!
Mən Füzuli rayonunun düşmənlə təmas xəttində yerləşən Alıxanlı kənd orta məktəbində riyaziyyat müəllimi işləyirəm. Sizin də qeyd etdiyiniz kimi artıq təmas xətti yoxdur. Artıq biz məcburi köçkün deyilik. Biz füzulililər Sizə və Milli Ordumuza güvənib illərlə burada yaşadıq. Bu gün Siz yeni tarix yazırsınız. Həm də ən şərəfli, ən gözəl yeni tarix.
Biz də şagirdlərimizdə vətənpərvərlik hissi oyadaraq, onları Vətənə layiqli bir övlad kimi yetişdirməyə çalışırıq. Lazım gələrsə qələmi silaha dəyişməyə, Sizin rəhbərliyiniz altında döyüşməyə həmişə hazırıq.
Uca Yaradan Sizi, qüdrətli Ordumuzu qorusun!
Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!
İlham Beydullayevdən, Ağdaş, Azərbaycan
Çox hörmətli cənab Prezident.
Dağlıq Qarabağda işğal altında olan torpaqlarımızın qəddar düşməndən azad edilməsi uğrunda Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusunun ard-arda qazandığı qələbələr hər birimizi sevindirir, bizdə böyük ruh yüksəkliyi yaradır. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi Ağdaş rayon şöbəsinin veteranları hər an Sizin yanınızdadır. Ana Vətənimiz üçün hər cür fədakarlığa hazırıq və bundan şərəf duyuruq. Təki doğma Vətənimizin işğal altında olan torpaqları erməni vandallarından azad olunsun.
Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrin AIi Baş Komandanı olaraq Siz ümummilli liderimiz Heydər Əliyevin: “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, işləri sizin köməyinizlə və dəstəyinizlə İlham Əliyev başa çatdıracaq. Mən Ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm” sözlərinə sadiq qalaraq, ərazi bütövlüyümüzün bərpası yolunda, xalqımızın bu günü, gələcəyi üçün yorulmadan çalışırsınız. İnanırıq ki, Sizin və güclü Ordumuzun sayəsində Azərbaycanın işğal olunmuş əraziləri tezliklə azad olunacaq, həsrətlə gözlədiyimiz Böyük Qələbəni alqışlarla qeyd edəcəyik.
Sizə və qəhrəman əsgərlərimizə minnətdarlığımızı bildiririk. Allah Sizlərə bu çətin və şərəfli işinizdə yardımçı olsun.
Qələbə bizimlədir!
Qarabağ Azərbaycandır!
Yaşasın Azərbaycan xalqı və onun Prezidenti!
Əlibala Məmmədovdan, Qəbələ, Azərbaycan
Müzəffər Ali Baş Komandan,
Şanlı Ordumuzun cəbhədə əldə etdiyi qələbələr münasibətilə Sizi və əsgərlərimizi təbrik edirəm. Allah Sizi və döyüşçülərimizi qorusun.
Sizin gördüyünüz işlər sayəsində Azərbaycan sürətlə inkişaf edərək hazırkı qüdrətli səviyyəsinə gəlib çatmışdır. Belə Ordunun formalaşdırlması sözsüz ki, böyük müdriklik, zəhmət və vəsait tələb edir. Ölkəmizin bu günü və parlaq gələcəyi Sizin adınızla bağlıdır. Sizə hər zaman uğurlar arzulayıram.
İxtiyar Ağazadədən, Samux, Azərbaycan
Möhtərəm Prezident.
Siz hər dəfə xalqımızın qarşısında çıxış etdikdə insanlarda gələcəyə inam yaradırsınız. Biz bütün dünyaya haqlı və güclü olduğumuzu sübut edirik. Sizin rəhbərliyinizlə ordumuz ölkəmizin ərazi bütövlüyünü təmin etməkdədir. Buna görə Sizə və qəhrəman əsgərlərimizə təşəkkür edirəm. Sizə cansağlığı və gələcək fəaliyyətinizdə uğurlar arzulayıram.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!
Yeganə Sultanovadan, Tərtər, Azərbaycan
Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan.
Sizi Tərtər şəhərindən salamlayır, Ordumuzun ardıcıl qələbə nailiyyətləri münasibətilə təbrik edir, haqq savaşında Sizə davamlı uğurlar arzulayırıq. İnanırıq ki, çox yaxında Sizin iştirakınız ilə doğma Qarabağımızın hər bir guşəsində qələbəmizi təntənəli şəkildə qeyd edəcəyik. İnşallah! Sizə, əsgər və zabitlərimizin hər birinə cansağlığı, yeni-yeni müvəffəqiyyətlər arzu edirəm. Biz Sizinləyik, Sizin daima yanınızdayıq.
Eşq olsun Ali Baş Komandana, Eşq olsun müzəffər və rəşadətli Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!