10 Noyabr 2020 01:38
765
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Türk Akademiyasının Prezidenti Darxan Kıdıralı qədim Şuşa şəhərinin işğaldan azad olunması və Azərbaycanın Dövlət Bayrağı Günü münasibətilə xüsusi məqalə hazırlayıb. Məqalədə Darxan Kıdıralı Azərbaycan Prezidenti İlham Əliyevi və xalqımızı təbrik edib.

Teleqraf.com məqaləni təqdim edir:

“Qələbəniz mübarək, qalib Prezident!

Böyük xalqlar dünyaya dahi şəxsiyyətlər bəxş edir, dahilər isə tarixi yaradır. Türk xalqları tarix boyunca dünya sivilizasiyasına, onun inkişafına istiqamət verən nəhəng şəxsiyyətlər qazandırmışdır. Bu baxımdan, Azərbaycan xüsusi olaraq seçilib, türk dünyasında bir çox ilklərə imza atmışdır.

Şərqlə Qərb, Şimalla Cənub arasında körpü rolunu oynayan, tarixi İpək Yolunun önəmli kəsişmə nöqtələrindən biri olan Azərbaycanda ədəbiyyat, elm, sənət və sənətkarlıq yüksək səviyyədə inkişaf etmişdir. Həm Orta əsrlərin İntibah dövrü, həm də son 200 ildə cədidçilik və maarifçilik hərəkatının meydana çıxması və yayılmasında bu türk dövlətinin əvəzsiz rolu olmuşdur. Bu da öz növbəsində milli düşüncənin, idarəçilik təfəkkürünün inkişafında əhəmiyyətli rol oynamışdır.

Hələ XIX əsrdə əlifba islahatları ideyasının ortaya çıxması, bütün müsəlman Şərqində ilk demokratik respublikanın yaradılması, müasir musiqinin, Şərqdə ilk opera və baletin, teatrın əsasının Azərbaycanda qoyulması, neft bumu nəticəsində sənayenin sürətli inkişafı qonşu ölkələrin də həyatına ciddi təsir etmişdir.

Tarixi şərait və coğrafi üstünlüklərdən böyük məharətlə faydalanan Azərbaycan xalqı nəticə etibarilə inkişafın davamlılığını və sistemliliyini təmin edə bilmişdir. Bütün bunların nəticəsidir ki, bu gün Azərbaycan dövləti yenə də tarix səhnəsindədir və yeni ilklərə, qələbələrə imza atmaqda davam edir. Heç şübhəsiz ki, bu uğurların mənbəyi xalq, memarı isə Prezidentdir.

Bu tarixi günlərdə qardaş Azərbaycanda baş verənlər bütün türk dünyası tərəfindən böyük həyəcan və maraqla izlənməkdədir. Azərbaycan dövləti öz sərkərdəsi, Ali Baş Komandanının rəhbərliyi ilə yeni tarix yaradır. Amma bu tarix adi bir tarix deyil. Bu, illərdir gözlədiyimiz bir qalibiyyətin tarixi, ədalətin təntənəsidir.

Azərbaycandan aldığımız xoş xəbərlər, 30 ildir işğal altında inləyən müqəddəs torpaqların, şəhər və kəndlərin bir-birinin ardınca azad olunması, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı zəfərlərinin Şuşa şəhərinin işğaldan qurtarılması ilə taclandırılması böyük Qələbənin müjdəsi oldu. Bütün türk dünyasının musiqi beşiyi, Azərbaycanın mədəniyyət paytaxtı, Qafqazın incisi tarixi Şuşa şəhərinin işğaldan azad edilməsi ilə xalqın milli-mənəvi dəyərlərinin məhv olmasının qarşısı alındı, millət yenidən mənəvi istiqlalına qovuşdu.

Təbii ki, bu qələbə asan başa gəlmədi. Minlərlə igid oğul və qızlarımızın həyatını qurban verdiyi bu yolda dövlət başçısının nə qədər böyük əzm nümayiş etdirdiyini gördük. Azərbaycanın 30 ilə yaxınlaşan müstəqillik dövrünün, xüsusilə İlham Əliyevin prezidentlik müddətinin təhlili dövlət başçısının bu qalibiyyət üçün nə qədər böyük səbir, yüksək iradə, böyük müdrikliklə çalışdığını göstərir. Prezident İlham Əliyev inanılmaz peşəkarlıq nümunəsi ortaya qoymuş, bütün məqamları incəliklə hesablamış, nəinki özünü, bütün xalqı böyük Qələbəyə həm fiziki, həm psixoloji həm də mənəvi cəhətdən hazırlamışdır.

Bu böyük Qələbə Prezident İlham Əliyevin yorulmaz əməyinin, illər boyu müdrikcəsinə formalaşdırdığı xarici siyasət və diplomatiyanın, sarsılmaz daxili harmoniyanın, Azərbaycan xalqının birlik və bərabərliyinin məhsuludur.

Əcdadlarımız təsadüfən deməyiblər ki, “Həqiqət incələr, amma qırılmaz”. Ortaq tariximizdə milli kimliyimizi, suverenliyimizi və torpaqlarımızı qoruyan, ədaləti təmin edən Bilgə xaqanlar, atatürklər hər zaman olmuşdur və bu gün Prezident İlham Əliyevin timsalında bundan sonra da olacağına şahidlik etməkdəyik. Azərbaycan dövləti ortaya qoyduğu qətiyyətlə yalnız müqəddəs torpaqları düşmən tapdağından qurtarmadı, haqsızlıqların, ikili standartların hökm sürdüyü dünyada həqiqəti, ədaləti də tamamilə ölməkdən, yox olmaqdan xilas etdi!

Dövlət başçısının yüksək əzmi sayəsində qardaş Azərbaycan xalqı tarixinin ən böyük zəfərlərindən birinə şahidlik etmiş oldu. Prezident İlham Əliyev bu addımı ilə atası, Azərbaycanın ümummilli lideri Heydər Əliyevin vəsiyyətini yerinə yetirərək xalqın qəlbinin fatehi oldu, tarixə qalib Prezident kimi düşdü! Əminəm ki, tarix onun xidmətlərini heç zaman unutmayacaq.

Beynəlxalq Türk Akademiyası olaraq bu tarixi günlərdə biz də qardaş Azərbaycan xalqı ilə birlikdə olmaqdan fəxarət hissi duyuruq. Çünki Azərbaycanın məsələsi bütün türk dünyasının məsələsidir. Füzuli şəhərinin azad olunduğu gün – oktyabrın 17-də və Azərbaycanın Dövlət Müstəqilliyi Günü məhz Türk Akademiyasının təşəbbüsü ilə Qazaxıstanın paytaxtı Nur-Sultanın mərkəzindəki ən böyük ekranda Azərbaycan bayrağı nümayiş etdirildi. Gəncə və Bərdə kimi mülki yaşayış yerlərinə xain hücumları qınadıq. Qarabağ, onun tarixi, mədəniyyəti, təbiəti ilə bağlı məlumatların, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qəbul olunan sənədlərin yer aldığı kitab-fotoalbom nəşr edən ilk beynəlxalq təşkilat olduq. Müqəddəs Şuşa şəhərinin dünya mədəniyyətinə bəxş etdiyi onlarca böyük şəxsiyyətdən Üzeyir Hacıbəylinin 135, Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyləri Beynəlxalq Türk Akademiyasının fəaliyyət planına daxil olundu. Təbii ki, yuxarıda qeyd edilənlər, sadəcə, Azərbaycan dövlətinin, xalqının böyük Qələbə sevincinə şərik olmağa çalışmağımızın göstəricisidir.

Beləliklə, türklər yalnız tarix yaratmır, həm də tarixi yazırlar. Bu gün qardaş Azərbaycan xalqı bunun əyani örnəyini ortaya qoymaqdadır. Qəhrəman Azərbaycan xalqını bu önəmli gün, tarixi zəfər, eyni zamanda, Dövlət Bayrağı Günü münasibətilə təbrik edir, ölkənin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin ruhunu ehtiramla yad edir, onlara Allahdan rəhmət, yaralılara şəfa diləyirəm. Qoy, ədalətli qələbəmiz daimi olsun, Azərbaycan bayrağı ölkənin hər yerində dalğalansın!”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər