15 Dekabr 2020 12:30
606
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin (MM) bu gün keçirilən plenar iclasında “Əmanətlərin sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Teleqraf.com xəbər verir ki, qanuna dəyişikliklə fiziki şəxslərin qorunan əmanətləri üzrə kompensasiya məbləğinin 30 min manatdan 100 min manata (xarici valyutada 100 min manat ekvivalentinədək) artırılması təklif olunur.

Bu müddəa 2021-ci ilin 5 aprel tarixindən qüvvəyə minəcək.

Həmçinin fərdi sahibkarlıqla məşğul olan fiziki şəxslərin depozitlərinin sığortalanması (kompensasiya məbləği 20 min manat müəyyən edilməklə) təklif olunur.

İclasda eyni zamanda “Əmanətlərin tam sığortalanması haqqında” qanuna dəyişiklik layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Qanuna təklif edilən dəyişikliklə qanunun qüvvədə olma müddətinin 5 aprel 2021-ci il tarixinə qədər artırılması öz əksini tapıb.

Xatırladaq ki, “Əmanətlərin tam sığortalanması haqqında” 4 mart 2016-cı ildə, 3 il müddətinə qəbul edilib. Məqsəd manatın 2015-ci ildəki ikili devalvasiyasından sonra, banklardan əmanətlərin geri götürülməsinin qarşısını almaq olub. Ötən il martın 4-də Milli Məclis qanunun qüvvədə olma müddətini 1 il, bu il martın 13-də isə daha 9 ay uzadıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.


Müəllif: Cavad

Oxşar xəbərlər