23 Aprel 2021 17:25
5 506
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyevin bu gün imzaladığı sərəncamla Oqtay Şirəliyev səhiyyə naziri vəzifəsindən azad olunub.

Teleqraf.com bildirir ki, dövlət başçısının imzaladığı fərmanla Səhiyyə Nazirliyi haqqında Əsasnaməyə edilən dəyişikliklə səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib. Teymur Yusif oğlu Musayev səhiyyə nazirinin birinci müavini təyin edilib.

Prezident İlham Əliyev imzaladığı digər bir sərəncamla səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra etmək səlahiyyəti səhiyyə nazirinin birinci müavini Teymur Yusif oğlu Musayevə verilib.

Teleqraf.com bildirir ki, Teymur Musayev 1987-1994-cü illərdə Azərbaycan Tibb Universitetində təhsil alıb. İxtisasca uroloqdur. 2003-2004-cü illərdə Strasburq Universitetində laparoskopik cərrahiyyə üzrə kurs keçib. Buradan diploma sahibdir. 2013-2015-ci illərdə RISEBA və Riqa Stradins Universitetində oxuyaraq burada müdafiə edib və sağlamlıq menecmenti üzrə elmlər namizədi dərəcəsi alıb.

2007-ci ilin oktyabrından 2015-ci ilin avqustunadək (7 il 11 ay) Nəsirəddin Tusi adına Xəstəxanada tibb direktoru işləyib.

2015-ci ilin oktyabrından 2018-ci ilin yanvarınadək (2 il 4 ay) Bakıdakı “Dobromed” Klinikasının tibb direktoru olub.

2016-cı ilin sentyabrından 2019-cu ilin iyulunadək (2 il 11 ay) Qəbələ şəhərində yerləşən “Chenot Palace Health Wellness Hotel”in tibb müdiri işləyib.

2019-cu ilin avqustundan 2020-ci ilin mayınadək (10 ay) İtaliya Respublikasının Komo bölgəsində yerləşən “Chief International Medwellness & SPA” kompleksində baş beynəlxalq məsləhətçi vəzifəsini yerinə yetirib.

2020-ci ilin mayında Səhiyyə Nazirliyinin Səhiyyənin təşkili şöbəsinin müdiri təyin olunub.

Teymur Musayev Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirus infeksiyası ilə bağlı keçirdiyi brifinqlərdə çıxışlar edib.

Avropa Həyat Təbabəti Təşkilatının (ELMO) üzvü, ELMO-nun Azərbaycan üzrə nümayəndəsidir.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər