"İkinci Qarabağ müharibəsi bölgədəki vəziyyəti kökündən dəyişdirib. Bu hadisələr dəyişikliyə ehtiyac yaradıb".
Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin "Cənubi Qafqaz: Regional İnkişaf və Əməkdaşlıq Perspektivləri" adlı videoformatda keçirilən müzakirələr zamanı çıxışında deyib.
Tədbiri açan dövlət başçısı bu mövzuda müzakirələr təşkil etdiyinə görə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinə təşəkkür edib: “Cənubi Qafqazda köklü dəyişikliklər baş verib və yeni vəziyyət yeni yanaşmalar tələb edir”.
Azərbaycan Prezidenti bildirib ki, İkinci Qarabağ müharibəsi regionda vəziyyəti kökündən dəyişdirib: "İşğal bitməyənə və ərazilərimiz geri qaytarılmayana qədər Ermənistanla əməkdaşlıq etməyəcəyimizə dair mövqeyimizi açıq şəkildə bildirmişik. Ermənistan özü də böyük bir səhv etdiyini və vaxt itirdiyini başa düşür".