“Müharibədən 6 ay sonra dünya üçün əhəmiyyətli yarışlara ev sahibliyi edirik. Bu, Azərbaycanın gücünü, qüdrətini və çevik toplanma qabiliyyətini göstərir”.
Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat deyir ki, son 17 ildə ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi üçün müasir infrastruktur formalaşıb: “Beynəlxalq standartlara cavab verən idman arenaları tikilib, idmançıların və turistlərin qəbul edilməsi üçün hər cür şərait yaradılıb. Pandemiyaya qədər ölkəmiz beynəlxalq tədbirlərə, o cümlədən idman oyunlarına ev sahibliyini etmişdi. Ölkəmizdə bu sahədə kifayət qədər təcrübə formalaşıb.
Beynəlxalq tədbirlərinin keçirilməsi ilə əlaqədar səsvermələrdə də təşkilatçılar Azərbaycana üstünlük verirlər. Təbii ki, bu, ölkəmizdə olan siyasi sabitlik, təhlükəsizlik və inkişafla birbaşa bağlıdır”.
Azər Badamov xatırladıb ki, 2020-ci ildə Azərbaycan iki cəbhədə döyüşüb: “Ölkəmiz həm pandemiyaya qarşı effektiv mübarizə apardı, həm də işğalda olan torpaqları azad etmək üçün müharibəyə başladı. Təbii ki, bu məsələlər böyük maliyyə tələb edirdi. Azərbaycan bu sınaqlardan da üzü ağ çıxıb.
Müharibədən 6 ay sonra dünya üçün əhəmiyyətli yarışlara ev sahibliyi edirik. Bu, ölkəmizin gücünü, qüdrətini və çevik toparlanma qabiliyyətini göstərir. Ölkəmizdə keçiriləcək Avropa çempionatının 4 oyununu da təşkilatçıların Azərbaycana inamının və ölkəmizə göstərdiyi böyük dəyərin göstəricisi hesab edirəm.
İndiki dövrdə ölkəmiz üçün belə beynəlxalq yarışların keçirilməsi xüsusilə vacibdir. Biz “Formula 1” yarışına ev sahibliyi etdik. İndi də Avropa çempionatının 4 oyununu keçiririk. Yenə beynəlxalq tədbirlərə ev sahibliyi edəcəyik”.
Deputatın fikrincə, Azərbaycanın belə möhtəşəm tədbirlərə ev sahibliyi etməsi pandemiya dövründə iflic vəziyyətinə düşmüş turizm portensialının yenidən dirçəlməsinə imkan verəcək: “Bütün yarışlarda biz ölkəmizin turizm potensialını təbliğ edə bilirik. Bu yarışların izləyici auditoriyası dünyanı əhatə etdiyinə diqqət yetirsək görərik ki, postpandemiya dövründə dünya turizm sənayesində ölkəmiz müəyyən paya nail olmağına israrlıdır və buna nail olacağıq.
Beynəlxalq tədbirlər ölkəni tanıtımı baxımından əvəzsizdir. Bu həm ölkəmizin inkişafını özündə əks etdirir, həm də ölkə dünyada tanınır və dostlarımızın sayı çoxalır”.