"Elm və Təhsil", eləcə də "Nurlan" nəşriyyatlarının təsisçisi, filologiya elmləri doktoru, professor Nadir Məmmədli Nəsimi adına Dilçilik İnstitutuna baş direktor təyin olunması ilə bağlı Teleqraf.com-a danışıb.
Professor təyinatından sonra saytların təqdimatından narazı qaldığını deyib: “Bəzi saytlar yazırlar ki, Ramiz Mehdiyev tanınmış naşiri instituta direktor qoydu. Bu mənə çox qəribə gəldi. Xidmətlərim olmasaydı, heç kim məni gətirib instituta direktor qoymazdı. Tanınmış naşir olmamışdan əvvəl elmlə məşğul olmuşam. 1990-cı illərdə Elmlər Akademiyasının Dilçilik İnstitutunda çalışmışam. Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində, eləcə də BDU-da işləmişəm. Əvvəl elmlər namizədi, 40 yaşımda elmlər doktoru olmuşam.
Azərbaycanda elə bir adam yoxdur ki, Yaponiyada, Fransada, Şri-Lankada, Hindistanda konfranslarda çıxış etsin. Ancaq mən gedib canlı çıxış etmişəm, diplom almışam. Yaponiya Dilçilər Cəmiyyətinin üzvüyəm. Görünür, təyinatımı fikirləşən adamlar bunları nəzərə alıblar, haqqımda kifayət qədər məlumat toplayıblar. Yəni təyinatım təsadüfi baş verməyib. Çox təəssüf ki, insanların uğuruna sevinmirlər”.
Nadir Məmmədli deyir ki, ali məktəb sistemində Azərbaycan dili və nitq mədəniyyəti dərsliyinin yeganə müəllifidir: “Təhsil Nazirliyi bütün ali məktəblərə yeni dərsliyin hazırlanmasını tapşırmışdı. Bu, Azərbaycan dilində işgüzar və akademik kommunikasiya dərsliyi idi. Nazirliyin bu qərarından sonra ölkənin bütün alimləri çaş-baş qalmışdı ki, bunu necə yazaq. Bu dərsliyin yeganə müəllifi mənəm. Bu, respublikanın bütün bölgələrində olan ali məktəb filiallarında, BDU-da, Pedaqoji Universitetdə, kolleclərdə istifadə olunan 512 səhifəlik bir dərslikdir”.
Alınma sözlərin vacibliyindən danışan professor hesab edir ki, bu sözlər dilimizə lazımdır: “Biz alınma sözləri qəbul etməliyik. Söhbət əcnəbi sözlərdən gedirsə, bu, dilimizə yaddır. Əgər söhbət beynəlmilər sözlərdən gedirsə, bunlar bizə lazımdır. Bu, dilimizin xarici dillərə inteqrasiyasıdır.
Akademiyadan kitablarımı istəmişdilər aparıb təqdim etmişdim. Uzun müddətli sükutdan sonra məni dəvət etdilər. Siyahıda məndən başqa adamlar da var idi. Birdən-birə məni çağırıb rəhbərliyin söhbət etmək istədiyini dedilər. Halbuki rəhbərlikdə olan şəxslərin heç biri ilə heç vaxt əlaqədə olmamışdım.
Dilçilik İnstitutunun Müdafiə Şurasının üzvüyəm, eyni zamanda seminarın sədriyəm. Bundan artıq nə göstərici olmalıdır?! Fikirləşirəm ki, bu göstəricilər başqa kimdə var?! Namizədliyimi götür-qoy edən şəxslər bunların hamısını nəzərə alıblar və hər kimlərdisə, çox sağ olsunlar”.
Qarşıda duran planlardan danışan Nadir Məmmədli əvvəlcə institutun strukturu ilə tanış olacağını deyir: “Vaxtilə mən burda işləmişəm. İndi xeyli dəyişikliklər var. Modern elmi dərsliklər yazılır, elmi tədqiqatlar aparılır. İlk görəcəyim iş odur ki, elmi-tədqiqat institutunun adamları passivləşməsinlər. Otaqda oturub ancaq onlara verilən tədqiqatla məşğul olmasınlar. Bunun başqa yolları var. Dərs desinlər, ali məktəblərdə çalışsınlar. Həm maddi cəhətdən onlara kömək olsun, həm də mənəvi cəhətdən savadlarını artıracaqlar. Eyni zamanda mənasız işlərlə məşğul olmayacaqlar.
Dilçilik İnstitutunun adı bəzən müxtəlif məsələlərdə hallanır. Onların başqa işlə məşğul olmağa vaxtları qalmayacaq, dərs deyəcəklər, elmi məqalələr yazacaqlar. Əlimdən nə gəlirsə, onlara kömək edəcəyəm. Çalışacağam ki, institut əməkdaşları arasında narazılıq olmasın və məhsulları kitab halında çap edilsin”.
İnstitut direktoru rəhbəri olduğu nəşriyyatların fəaliyyətini davam etdirəcəyini dəyib: “Ancaq iki yerdə işləmək hüququm yoxdur. Yəni dövlət müəssisəsində çalışan şəxs kommersiya ilə məşğul ola bilməz. Ona görə də əmrim gələn kimi bu nəşriyyatlardakı vəzifəmdən istefa verəcəm. Yerimə təyin olunan başqa şəxs nəşriyyatların fəaliyyətini davam etdirəcək. “Elm və təhsil” nəşriyyatı respublikada tanınan nəşriyyatdır, onu niyə qapamalıyam?! Özümsə, sırf peşəkar elmlə məşğul olacam”.